SON XƏBƏR

Azərbaycanda yerləşən qədim Alban kilsələri: Xudavəng (FOTO)

Noyabr 17
11:59 2020
Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz Albaniyasının tərkib hissəsi olub. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri yaradılıb.

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri bütün tarixi sübutlara görə, xalqımızın milli mədəni irsinə aiddir.

Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi.

Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır.
 
Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır:
 
"...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi"– Şərqi Ermənistan adlandırırlar". Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü.
 
Xudavəng monastırı — Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Elmi mənbələrdə həm də Dadivəng və Xutavəng kimi qeyd edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş prof. G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.
 
Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir.

Arzu xatun kilsəsi

Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur.

Kompleksin başkilsəsi olan Arzu xatun kilsəsi 1214-cü ildə knyaginya Arzu xatunun sifarişi ilə inşa edilmişdir. Arzu xatun knyaz Kurdun qızı olmuşdur. Knyaz Kurd isə müasir Azərbaycan Respublikasının Qazax və Tovuz rayonlarının, həmçinin Ermənistan Respublikasının sərhəd ərazilərini əhatə edən tarixi Kaen əyalətinin hakimi olmuşdur. Kirakos Qandzaketsinin məlumatına görə, Xudavəngdə kilsənin inşa edilməsindən əvvəl, Arzu xatın həyat yoldaşı olan Xaçın knyazı Vaxtanqla birlikdə Qoşavəngdəki Müqəddəs Tanrı anası kilsəsinin inşasında iştirak etmişdir.
 
G. Məmmədova qeyd edir ki, "heç şübhəsiz ki, Arzu xatun həm də Qazaxdakı Əskipara monastırının memarlığı ilə tanış olmuş və sözsüz ki, Xudavəngdəki kilsənin memarlıq üslubunun seçilməsində bu tanışlıq da rol oynamışdır.” Bununla yanaşı, Xaçının ən zəngin ailələrindən birinin sifarişi ilə ölkənin intibah dövründə inşa edilən kilsə, həm də sələflərini geridə qoymalı idi.
 
Monastırın giriş darvazası ilə üzbəüz həyətin sonunda yerləşən Arzu xatun kilsəsi yüksək günbəzi və monumental həcmi ilə kompleks ərazisinə girənlərin diqqətini cəlb edir və ətrafındakı bütün tikililər arasında dominant mövqe tutur. Kilsəyə ən yaxşı görünüş kompleksin cənub və şərq tərəfindən açılır. Kilsənin şimal tərəfində kompleks ərazisini əhatə edən yüksək təpəlik ərazi başlayır. Kilsənin qərb fasadı ona bitişik inşa edilmiş tikililər – qalereya formalı narteks və birnefli zal kilsəsi ilə örtülmüşdür.
 
(Mənbə: Qaynarinfo)
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook