SON XƏBƏR

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Oktyabr 30
11:29 2023
Bu gün Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.

"Report" xəbər verir ki, yardım "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin ərazisindən yola salınıb.

Prezident İlham Əliyevin 17 iyul 2023-cü il tarixli sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi yükə uzunluğu 555 min metrdən çox elektrik kabeli və naqili daxildir. 14 TIR-dan ibarət karvanın daşıdığı yük Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

Ukraynadan daxil olmuş müraciətlər əsasında təşkil olunan, ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissələrinin yaxın müddətdə yola salınması planlaşdırılır.

Ukraynaya bundan əvvəl də ölkəmiz elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib. Yaranmış böhranla əlaqədar Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur.

Həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına "Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook