Azərbaycanın at əti biznesi – Rəqəmlər
İyul 04
05:09
2022
Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 677 ədəd diri at satıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı kəskin artıb. Belə ki, 2021-ci ilin ilk 4 ayında Azərbaycandan xaricə cəmi 2 at satılıb.
Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 178 dollar (303 manat) olub.
Məlumat üçün qeyd edək ki, atların böyük əksəriyyəti – 608 başı Qazaxıstana satılıb. Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 174 dollar (296 manat) olub.
Bundan başqa 59 at Qırğızıstana, 7 at Türkiyəyə, 2 at Gürcüstana, 1 at isə Rusiyaya satılıb. Qırğızıstana satılan bir baş atın orta gömrük dəyəri 170 dollar, Türkiyəyə 220 dollar, Gürcüstana 1000 dollar, Rusiyaya isə 930 dollar olub.
Onu da bildirək ki, Azərbaycan bu il Rusiyadan 45 baş at idxal edib. Rusiyadan alınan bir baş atın orta gömrük dəyəri 175 dollar olub.
Qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin il 1155 baş at ixrac olunub və bunun 1120-si Qazaxıstana satılıb. 2016-cı ildə Qazaxıstana satılan bir baş atın orta gömrük dəyıri 140 dollar. 2017-ci ildə at ixrac 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş at olub və bunların hamısı Qazaxıstana satılıb. Orta gömrük dəyəri isə 148 dollar olub.
2018-ci ildə at satışı azalaraq 2071-ə düşüb. Bir baş atın qiyməti isə 149 dollar təşkil edib. 2019-cu ildə at ixracı 461 baş, 2020-ci ildə 208 baş, 2021-ci ildə isə 349 baş olub.