"Azərbaycanın iqtisadi artımı 2023-cü ildə təxmini olaraq 1,4%-ə qədər azalıb və növbəti iki il ərzində ÜDM-də artımının nisbətən az olacağını proqnozlaşdırırıq".
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatına bildirilib. Bununla belə, "Fitch" hesab edir ki, cari əməliyyatlar hesabının profisiti (CƏH) qarşıdakı iki ildə ikirəqəmli olmaqda davam edəcək: "Müsbət cəhət odur ki, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2023-2025-ci illərdə ikirəqəmli səviyyədə qalacaq. Ölkənin xalis suveren aktivləri 2025-ci ilə qədər ÜDM-in 72%-nə yüksələcək".
Reytinq agentliyi bundan əlavə, qeyd edib ki, neft qiymətlərinin büdcədə nəzərdə tutulandan yüksək olması və qeyri-neft gəlirlərinin artımı eyni dövrdə Azərbaycanın icmal büdcəsini profisitdə saxlayacaq.
"Fitch" əlavə edib ki, Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda dövlət borcu aşağı olaraq qalacaq: "Dövlət borcunun ÜDM-ə nisbətinin 2025-ci ildə Ermənistanda 44,3%, Azərbaycanda 22,2%, Gürcüstanda 38% və Özbəkistanda 35,5% proqnozlaşdırılaraq növbəti iki il ərzində nisbətən sabit qalacağı gözlənilir".