Azərbaycanın İKT şirkətləri Sinqapurda tenderdə iştirak edir
May 24
19:19
2016
Azərbaycanın İKT şirkətləri olan "B.EST Solutions” və "Cybernet” İngiltərə və Latın Amerikasını təmsil edən digər iki şirkətin də daxil olduğu beynəlxalq konsorsium çərçivəsində Sinqapurda mobil identitet və elektron imza texnologiyasının yaradılması və tətbiqi üzrə tenderdə iştirak edir. Sinqapurun İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Agentliyinin elan etdiyi tenderin tələblərinə əsasən, iştirakçılar açıq açar infrastrukturuna (PKI) əsaslanan rəqəmsal identitet və autentifikasiya sisteminin yaradılmasına dair təkliflərlə müsabiqəyə qatıla bilər.
"B.EST Solutions” şirkətindən AZƏRTAC-bildirilib ki, Azərbaycan tərəfi bu tenderdə özünün "Asan İmza” mobil elektron imza texnologiyasına əsaslanan təklifi ilə çıxış edir. "Asan İmza” texnologiyası mobil autentifikasiya və imzalama sahəsində hazırda dünyada mövcud olan ən qabaqcıl və təhlükəsiz həldir. "Asan İmza” xidmətinin mövcud olduğu iki il ərzində ölkədə 200 mindən artıq mobil identifikasiya sertifikatı verilib və mobil imza vasitəsilə onlayn mühitdə 15 milyonadək əməliyyat icra edilib. "Asan İmza” istifadəçiləri ölkədə mövcud 500-dən artıq dövlət və özəl elektron xidmətlərdən yararlana bilər.
"Asan İmza” xidmətinin operatoru olan "B.EST Solutions” şirkəti digər elektron xidmət təminatçıları ilə birgə Azərbaycanı dünyada mobil imzanın istifadəsinin ən yüksək olduğu ölkəyə çevirməyi hədəfləyir.
Qlobal.az