Azərbaycanın paralimpiya yığması Braziliyaya yola düşüb
Sentyabr 02
08:12
2016
Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib.
"Report" AZƏRTAC-a istinadən xəbə verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Komitə rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV-lərin nümayəndələri iştirak ediblər.
Rio-de-Janeyroya 27 idmançı yola düşüb. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmləri "London-2012” ilə müqayisə etdikdə, 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.
Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng Marakana stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, "Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.
Qlobal.az