SON XƏBƏR

Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd edirlər

Yanvar 07
10:20 2019
Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.

Bu bayram Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs gecənin ən başlıca yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Deyilənlərə görə, Milad bayramında evdən darçın və vanil ətri gəlməlidir. Yəni, məxsusi yemək olmadan bu bayramı təsəvvür etmək mümkün deyil. Qədim zamanlarda daha bir ənənə olub: bayram günlərində yalnız təzə libaslar geyinirdilər.

İnanclara görə, Milad gecəsində ürəkdə ən ümdə arzunu tutmaq lazımdır, onda bu arzu mütləq həyata keçir. Məhz bu gecədə su, təbiətin özü və hava sanki sehrlə dolaraq bütün arzuların həyata keçməsinə kömək edir. Milad ənənələrinə görə, bayram günlərində insanlar vaxtlarını şən keçirməli, qəm-qüssədən uzaq olmalı, həyatdan zövq almalıdırlar.

Azərbaycanın pravoslav xristian icması da Milad bayramını təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlər boyu torpağımızda dinc yanaşı yaşayır, öz adət-ənənələrini sərbəst şəkildə icra edirlər. Azərbaycanda heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvüdürlər. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir...

Yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət rəmzi olan bu bayram ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.

AzərTAc-ın məlumatına görə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata jurnalistlərə müsahibəsində bildirib ki, dünyanın hər yerində yaşayan pravoslav xristianların bu gün Milad bayramını qeyd edirlər. Bu bayram bizlərə sülhün carçısı olduğu üçün xüsusidir. Azərbaycanda pravoslav icması çox böyük olmasa da, bütün Azərbaycan xalqı bilir ki bu gün pravoslav xristianları Milad bayramını qeyd edirlər. Prezident İlham Əliyev ölkəmizdə yaşayan xristianları hər il olduğu kimi, bu il də təbrik edib. Dövlət başçısı təbrikində pravoslav xristian icmasının digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində fəal iştirak etdiklərini, dinlərarası əməkdaşlıq və etimad mühitinin inkişafına öz layiqli töhfələrini verdiklərini deyib. Həmçinin pravoslav xristian icması bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə əlindən gələni əsirgəməyəcəyi bildirilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook