SON XƏBƏR

Azərbaycanın Türk dövlətlərinin iqtisadiyyatına qoyduğu strateji investisiyalar

Noyabr 06
15:56 2023
Türkdilli ölkələr arasında strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyması Türk Dövlətləri Təşkilatının getdikcə vahid güc mərkəzinə çevrildiyini söyləməyə əsas verir. Son illərdə türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyinin şahidi oluruq. Təmasların mütəmadi xarakter almasında isə Azərbaycan Prezidentinin fəaliyyəti danılmazdır.

Cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini mühüm prioritet məsələlərdən biri hesab edir və qardaş ölkələrlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür. Bütün bunların nəticəsidir ki, son illərdə türk dövlətləri arasında əlaqələr hər sahədə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. 

Noyabrın 3-də təşkilatın Astanada keçirilən "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü həm əvvəlki dövrdə atılan addımları dəyərləndirmək, həm də bu addımlara əsasən gələcək prioritetləri müəyyənləşdirmək baxımından əhəmiyyətli oldu. 
Görüşdə liderlər arasında aparilan müzakirələr, təşkilatın artan imkanları fonunda səslənən fikirlər deməyə əsas verir ki, dünyada yeni qurulan siyasi nizamda türk coğrafiyası TDT çətiri altında yeni güc mərkəzlərindən birinə çevrilir. Əsas hədəf bu birliyi daha da gücləndirmək, iqtisadi əlaqələri getdikcə şaxələndirməkdir. Birliyin üzvləri bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda iqtisadi, siyasi əlaqələri durmadan genişləndirir, neft-qaz resurslarını Avropaya nəql edirlər. 

Bu gün türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək, görərik ki, onlar şərqdən qərbə tam bir nəqliyyat marşrutu - Orta dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki şərqlə qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir. 

Zirvə görüşündə çıxış edən İlham Əliyev bir daha bəyan etdi ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.
 
2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Azərbaycanın türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu da vurğulayan cənab İlham Əliyev dedi ki, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Prezident diqqətə çatdırdı ki, artıq birgə sərmayə fondlarının yaradılması prosesi də başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Ölkəmiz "Şərq-Qərb" nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə dəyərli töhfəsini verir.

Zirvə görüşündə həmçinin türk dövlətlərinin nəqliyyat-tranzit imkanlarının, enerji ixraclarının daha da şaxələndirilməsi istiqamətində də müzakirələr aparıldı.   

Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək: "Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Orta dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk".

Türkmənistan Parlamenti Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq dedi ki, Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Türkiyəyə və gələcəkdə dünya bazarına ixrac edilməsi imkanları da var. Bütün bunlar Azərbaycan üçün ikiqat əhəmiyyətlidir. Çünki güclənən məhz türk birliyidir. Bu birlik və yüksək əlaqələrdə isə Azərbaycan mərkəzi rol alıb və proseslərdə təşəbbüskar şəxsən İlham Əliyevdir. Azərbaycan Prezidenti mühüm təşəbbüsləri ilə TDT-nin vahid güc mərkəzinə çevrilməsi prosesinə müsbət impuls verir. 
 


Salman Xəlilov,
Salyan rayon Piratman Gəncəli kənd tam orta məktəbin direktoru, YAP fəalı



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook