Azərbaycanın voleybol üzrə U-18 millisi Rumıniyada ilk məşqinə çıxıb
Yanvar 13
10:13
2017
Bu ilin aprel ayında Hollandiyada keçiriləcək Avropa Çempionatının II seçmə mərhələ oyunlarında iştirak edəcək Azərbaycanın gənc qızlardan ibarət U-18 millisi Rusiya ilə oyunöncəsi ilk məşqinə çıxıb.
Azərbaycan millisinin voleybolçuları baş məşqçi Vüqar Əliyevin rəhbərliyi altında məşqə isinmə hərəkətləri ilə start veriblər. Ardınca millinin üzvləri blok, topun servisi, qəbulu və digər elementlər üzərində çalışmaları davam etdiriblər.
Baş məşqçi Vüqar Əliyev "Report”a bildirib ki, bu gün Rusiya millisinə qarşı keçiriləcək ilk oyunda voleybolçularımız meydana qələbə üçün çıxacaqlar: "Rusiya və Rumıniya milliləri qrupumuzun favoritləridir. Əlbəttə Rusiya millisinə qarşı oyun çox çətin olacaq. Həm voleybolçularımız, həm də məşqçilər olaraq biz əlimizdən gələni edəcəyik ki, gözəl oyun nümayiş etdirib qələbə qazanaq”.
V.Əliyev onu da vurğulayıb ki, millimizin liberosu zədəli olsa da həkimlərin köməkliyi ilə Rusiya ilə oyuna tam hazır vəziyyətdə daxil olacaq.
Baş məşqçi həmçinin Azərbaycan yığmasının yer aldığı "E” qrupundakı milliləri də dəyərləndirib. "Bilirsiniz ki, Avropa təsnifat tunirinin II seçmə mərhələsində zəif komandalar olmur. Rumıniya və Rusiya milliləri ilə müqayisədə Portuqaliya yığması daha zəifidir. Çalışacağıq ki, Portuqaliya komandasına qalib gələk.
Əlbəttə qrupumuzun bütün komandaları ilk yeri tutmağı çalışır, amma həqiqətə düz baxmaq lazımdır. Rusiya çempionatının səviyyəsi yüksəkdir, milli yığma Avropa və dünya çempionatlarında iştirak edir” - deyə V. Əliyev əlavə edib.
Qeyd edək ki, Azərbaycan-Rusiya qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 17:00-da Ploieşti şəhərinin "Olimpiya” idman mərkəzində keçiriləcək.
Avropa Çempionatının II seçmə mərhələsi yanvarın 15-dək davam edəcək.
Qlobal.az