Azərbaycanın yeni “Etnik Gələcəy”i – “Canavar”ı kim "yemləyir"?
May 05
08:00
2021
Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi bu gün dəftərxana və təsərrüfat malların satınalınması müsabiqəsinə yekun vurub.
AzToday.az xəbər verir ki, 124 min 23 manat 90 qəpik məbləğində olan tenderin qalibi "Etnik Gələcək-2021” MMC olub.
Tenderin şərtlərinə görə, MKTB üçün 39500 ədəd həyət üçün süpürgə, 13400 ədəd sabun (təsərrüfat 72%) və 1350 ədəd süpürgə sapı tədarük olunacaq.
Təxminən 4 ay əvvəl yaradılmasına baxmayaraq "Etnik Gələcək-2021” MMC artıq 3 tenderin qalibi olub. MMC mart ayının 19-da 2 tender udub. Belə ki, M.F.Axundov adına Milli Kitabxananın dəftərxana və təsərrüfat malların satınalınması (məbləği 116572.4 AZN) və Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin təsərrüfat mallarının satınalınması (məbləği 72603.04 AZN) müsabiqələrinin qalibi yeni yaradılmış şirkət elan olunmuşdu. Şirkət artıq Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə aprelin 12-də satınalma müqaviləsi də bağlanılıb.
Uzun müddət etnik seperatçılıqdan əziyyət çəkmiş Azərbaycanda şirkətə "Etnik Gələcək” adının verilməsinin hansı məqsəd daşıdığı bəlli olmasa da 4 aylıq MMC-nin satınalma müsabiqələrində qalib elan olunması ciddi şübhələrə əsas verir. Belə ki, satınalalmalar haqqında mövcud qanunvericilik şirkətlərin peşəkarlığı və iş təcrübəsini nəzərə almağı tələb edir.
Başqa tərəfdən isə ötən ilin sonlarında yaradılan şirkətin bu günə olan vergi borcu 319 manat 56 qəpik təşkil edir ki, vergi borcu olan şirkətlərin tenderlərdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.