Azərbaycanın Özbəkistandakı səfiri “Azərbaycanın qüruru” qızıl ordeninə layiq görülüb
Yanvar 30
01:06
2024
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev "Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş "Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif olunub.
Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir - deyə qeyd edən Emil Nəsirli onu da əlavə edib ki, səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları deyilənlərə əyani sübutdur.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilən tədbirdə mükafatı Səfir Hüseyn Quliyevə "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təqdim edib.
Özbəkistanda yaşayan azərbaycanlıların və onları birləşdirən diaspor təşkilatlarının fəaliyyətindən danışan Emil Nəsirli eyni zamanda Azərbaycanın dövlətçilik tarixinə nəzər salıb, Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətinin uğurlu nəticələrindən danışıb.
Baş redaktor Emil Nəsirli bildirib ki, həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Emil Nəsirli vurğulayıb ki, müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir.
Baş redaktor bildirib ki, hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.
Jurnalın baş redaktoru Emil Nəsirli səfir Hüseyn Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında həyata keçirdikləri bütün tədbirləri yüksək qiymətləndirib, onun bu mükafata layiq görülməsinin səfirin peşəkar diplomat kimi fəaliyyətinə yüksək qiymət və hörmətin nəticəsi olduğunu bildirib.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev də öz növbəsində, ona təqdim olunan mükafata görə "Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə təşəkkürünü bildirib, Özbəkistan və Azərbaycan arasında siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Səfir Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığının həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdə olduğunu xüsusi qeyd edib. Səfir Hüseyn Quliyev həmçinin Özbəkistanda diasporumuzun fəaliyyəti ilə bağlı mövcud vəziyyətdən danışıb. O, qarşıda duran vəzifələrə toxunaraq diaspor təşkilatlarımızın həyata keçirdiyi işləri xüsusi vurğulayıb.
Görüşdə ötən müddət ərzində həyata keçirilmiş ardıcıl və praqmatik tədbirlər təhlil olunaraq, onun nəticələri və aktual məsələlər müzakirə edilib, 2024-cü il üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətləri, azərbaycanlıların Özbəkistan cəmiyyətinə inteqrasiyası və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda səfir Hüseyn Quliyev "Azərbaycanım" jurnalının baş redaktoruna minnətdarlığını bildirib, redaksiya heyətinə yaradıcılıq uğurları arzulayıb.