Azərbaycanlı alimin kitabı Britaniyada nəşr olunub
İyun 18
06:46
2016
Filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru, eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin "Phonetics and phonlogy problems” ("Fonetika və fonologiya problemləri”) kitabı Londondakı "Cambridge İnternatilonal Pres” nəşriyyatında çap olunub.
AZƏRTAC xəbər verir ki, 258 səhifəlik kitabın giriş sözünün müəllifi ingiltərəli mütəxəssis Devid Perridir. Kitabda, həmçinin "Müəllifdən” başlıqlı yazı da yer alıb.
Kitabda dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında, eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı məlumat verilir. Nəşrdə dilimizin fonetika və fonologiyasının nəzəri məsələləri müzakirə olunur, dilçiliyimizin obyekti və vəzifələri şərh edilir. Eləcə də burada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı bağlılıq, fonetikanın digər elmlərlə əlaqəsi araşdırılır.
Adıçəkilən kitabda danışığın kommunikativ özəllikləri diqqət mərkəzinə gətirilir, Azərbaycan dilinin fonetik quruluşunun və fonoloji sisteminin eksperimental yolla araşdırılması nəzərdən keçirilir.
Qeyd edək ki, bu, Azərbaycan dilçiliyi tarixində Avropada çap olunan ilk kitabdır. Kitabı ingilis dilinə ADU-nun dosenti Vahid Əkbərov tərcümə edib. Əsər ölkə xaricində ilk dəfə olaraq 2008-ci ildə Türkiyədə işıq üzü görüb.
Bundan başqa, F.Veysəllinin "Pismo” ("Yazı”) adlı digər bir kitabı rus dilində nəşr olunub. Dilçi alim Qazaxıstandakı Türkologiya Akademiyası ilə bağladığı müqaviləyə əsasən "Qloballaşma şəraitində türk məkanı: siyasi-iqtisadi və sosial-mədəni proseslər” proqramı çərçivəsində 2013-2014-cü illərdə "Azərbaycan əlifbasının tədqiqinin linqvistik əsasları” adlı araşdırmanı həyata keçirib.
Kitabın redaktorları Qazaxıstan Elmlər Akademiyasının professoru, filologiya üzrə elmlər doktoru Əlimxan Cunusbəy və Bakı Slavyan Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Atamoğlan Həsənovdur.
Qlobal.az