SON XƏBƏR

Azərbaycanlı fermerlərə 24 mln. manatdan çox subsidiya ödəniləcək

Fevral 14
12:21 2019
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin yaydığı məlumata görə, iclasda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi məsələləri müzakirə olunub.

Komissiyanın sədri, nazir müavini İlham Quliyev qeyd edib ki, ölkə prezidentinin "Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2 350 nömrəli, "Tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2 366 nömrəli və "Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1 314 nömrəli sərəncamları pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. Hazırda istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat və şəkər çuğundurunun hər 1 tonuna görə 4 manat məbləğində subsidiya verilir.

Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15 627 istehsalçıya təhvil verdikləri 230,4 min ton xam pambığa görə 23 038,9 min manat, 12 rayon (şəhər) üzrə 531 istehsalçıya təhvil verdikləri 2,7 min ton quru və 22,5 min ton yaş tütünə görə 247,4 min manat və 25 rayon (şəhər) üzrə 1936 istehsalçıya təhvil verdikləri 276,6 min ton şəkər çuğunduruna görə 1 106,6 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.

Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank” ASC-yə və Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq, tütün və şəkər çuğundurunun miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook