SON XƏBƏR

Azərbaycanlı fotojurnalist Nəsiminin məqbərəsinindən yeni fotolar yaydı

Dekabr 17
12:21 2019
"Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov (Əzim) 28 noyabr – 3 dekabr tarixlərində Suriyanın Hələb şəhərində ezamiyyətdə olub. 

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, fotoqraf Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.

Orxan Əzimov bildirib ki, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində "Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır.

Fotoqrafın sözlərinə görə, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: "Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini gözlər önünə sərir. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.

Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. 

Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 

1986-cı ildən UNESCO-nun Dünya irs siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.

Fotoqraf bildirib ki, yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən Hələb şəhərinə səfəri zamanı "Nəsimi ili”nə töhfə olaraq ərsəyə gətirdiyi fotoşəkillərin sərgisi təşkil ediləcək.
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook