SON XƏBƏR

“Azərenerji" prezidentinin kürəkəni tenderdə 14 milyon manat uddu - FOTO

Avqust 10
23:20 2024
Dövlət Gömrük Komitəsi "FF Construction” MMC (VÖEN- 1500616851) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Gömrük Komitəsi satınalma müqaviləsini tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə, "FF Construction” MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının ümumi layihəsi üzrə yekunlaşmamış işləri, o cümlədən abadlaşdırma və texniki sahəsi üzrə nəzərdə tutulmuş yeni tikinti-quraşdırma işlərini yerinə yetirəcək və bunun üçün Komitədən 14 milyon 92 min 721 manat 60 qəpik alacaq.

Qeyd edək ki, bu müqavilə Gömrük Komitəsi ilə "FF Construction” MMC arasında imzalanan sayca 3-cü müqavilədir. Əvvəlki 2 müqavilə də tender müsabiqəsi keçirilmədən imzalanıb. "FF Construction” 2022-ci ildə yeni inzibati binanın fasadının üzlənməsinin ilkin işləri üçün Komitədən 7,6 milyon manat, 2023-cü ildə isə yeni inzibati binanın telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üçün 4,6 milyon manat alıb.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş "Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda "FF Construction” MMC barəsində məlumatlar mövcud deyil.

Əvvəlki reyster məlumatlarında isə qeyd olunurdu ki, nizamnamə kapitalı cəmi 10 manat olan "FF Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur.

21 dekabr 2005-ci il tarixində dövlət qeydiyyatına alınan "FF Construction” MMC-nin "FF Şirkətlər Qrupu”na daxil olduğu bildirilir.

"FF Şirkətlər Qrupu”nun "Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. Bildirilir ki, "FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. "FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
 


Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub.

Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.

Onu da qeyd edək ki, "FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi "Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.

Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğlu daha əvvəl Baba Rzayevin ailə mülkiyyətində olduğu bildirilən "Zirə Aqrorark” MMC-nin də direktoru olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook