“AzerGold” QSC-nin İşçi qrupu hasilatın pay bölgüsü haqqında Saziş çərçivəsində Gədəbəydəki mədənlərə baxış keçirib
Avqust 07
02:58
2024
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında "AzerGold” QSC ilə "R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə səlahiyyətlərinin icrası çərçivəsində ilkin tanışlıq səfərləri həyata keçirib.
Məqsəd saziş sahələrində mədənlərin idarə olunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə fəaliyyətlə tanışlıq, əməliyyat şirkəti "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMK) dağ-mədən sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, Sazişin tələblərinə uyğun icrası istiqamətində təkliflərin hazırlanması, prosesə dəstək göstərilməsi və nəzarət tədbirlərinin icra edilməsidir.
Daha sonra "Gədəbəy” saziş sahəsinə daxil olan "Gədəbəy”, "Qədir”, "Zəfər”, "Uğur” və "Gilar” qızıl, gümüş, mis yataqları, həmçinin istehsalat zavodları, nəm tullantı anbarı, laboratoriya və digər infrastruktur obyektlərinə baxış keçirilib.
Məlumat verilib ki, 8 saziş sahəsində işləmək hüququna malik olan AİMK hazırda "Gədəbəy” saziş sahəsində yerləşən mədənlərdə açıq və yeraltı hasilat üsulları ilə filizçıxarma əməliyyatlarını icra edir. Hasil edilən filizlər metal tərkibindən asılı olaraq çeşidləndikdən sonra aidiyyəti üzrə rayon ərazisində yerləşən qızıl və ya mis emalı təyinatlı istehsalat sahələrində emal olunur.
Bundan başqa, İşçi qrupun üzvləri geoloji tədqiqat və istismara hazırlıq mərhələsində olan "Qaradağ”, "Qızılbulaq” və "Dəmirli” filiz yataqlarına da səfər edərək, sahələrə baxış keçiriblər.
Tanışlıq səfərləri zamanı İşçi qrupun üzvləri yekun hesabata əlavə edilməsi, Saziş üzrə tərəfdaşlıqla bağlı hazırlanacaq Tədbirlər Planında nəzərə alınması üçün müvafiq qeydlər aparıblar.
Növbəti mərhələdə isə "AzerGold” QSC tərəfindən saziş sahələrində mədən-filiz əməliyyatlarının icrası zamanı fəaliyyətin sazişin tələblərinə uyğun şəkildə təşkil edilməsi üçün zəruri tədbirlər görüləcək, eyni zamanda xarici şirkətin hökumət orqanları ilə əməkdaşlığına dəstək göstəriləcək. Eyni zamanda saziş sahələrində mütəmadi monitorinq işləri həyata keçiriləcək.
Qlobal.az