"Azərpambıq"a ittiham: "500 hektar arpa sahəsini pambıq tarlası kimi rəsmiləşdiriblər"
Avqust 02
21:14
2021
Biləsuvar sakini: "Buna görə həmin fermerlərdən çoxu 2021-ci ildə "Azərpambıq”dan imtina edib, başqa şirkətlərlə müqavilə bağladılar”
Biləsuvar sakini Azad Məmmədov 2003-cü ildən "Azərpambıq” şirkətinin rayondakı pambıq zavodunda ərazi nümayəndəsi işləyib. 2020-ci ildə işdən çıxarılan rayon sakini düşünür ki, o, qərəzin qurbanı olub.
"Məhsulun qəbulunda ayrı-seçkiliyə yol verilir”
Azad Məmmədovun fikrincə, yeni rəhbərlik nəzarətində olan fermerlərdə pambığın nəmliyi, zibilin miqdarı və s. qərəzli şəkildə çox hesablayıb. Bu cür ayrı-seçkilik nəticəsində onun məhsuldarlığı aşağı qiymətləndirilib. Belə yanaşma da sonda onun işini itirməsilə nəticələnib.
Azad Məmmədov şirkətdə yeyinti hallarına da yol verildiyini iddia edir. Onun sözlərinə görə, "Azərpambıq” rəhbərliyi Cəlilabad rayonunda "Avanqard” MMC-dən 276 hektar torpaq sahəsini icarəyə götürüb. Şirkət zavod rərhbərliyinə hər hektarı 130 manatdan icarəyə versə də, sənədləşmədə bu rəqəm 350 manat göstərilib. Aradakı fərqin mənimsənildiyi iddia olunur: "Bundan başqa, texniki çiyidin hər kiloqramını 28 qəpiyə rəsmiləşdirib, 33-34 qəpiyə satıblar. 500 hektar arpa sahəsini pambıq tarlası kimi rəsmiləşdiriblər. Hər hektara görə 250-300 manat pul götürülüb”.
"Azərpambıq”ın direktor müavini məhkəməyə verib
"Azərpambıq”ın Biləsuvar zavoduna 2020-ci il oktyabrın 1-dən Vahid Kazımlı rəhbərlik edir.
Qarşı tərəf isə Azad Məmmədovun ittihamlarını qəbul etmir. Hətta "Azərpambıq”ın direktor müavini Fəzli Məmmədov "Azərbaycan Sənaye Korporasiyası” ASC sədri Kamran Nəbizadəyə məktubunda yazdıqlarına görə onu məhkəməyə verib. O, iddia edir ki, müraciətdə yazılanlar şərəf və ləyaqətini alçaldıb. Hazırda da məhkəmə prosesi davam edir.
Qlobal.Az