“Azərsığorta”da nə baş verir? – 20-yə yaxın filial bağlandı
Mart 02
12:57
2021
"Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı filialları da daxil olmaqla, 20-yə yaxın yerli rayon şöbəsi ləğv edilib.
Qlobal.az "Qafqazinfo”nya istinadən xəbər verir ki, filial müdirləri şirkət rəhbərliyinin yeni qərarları ilə bağlı dövlətin yüksək qurumlarına şikayət teleqramları ünvanlayıblar. İddiaya görə, "Azərsığorta”nın yeni rəhbərliyi yanvar ayından etibarən işçilərin minimum əmək haqqını ləğv edib və hər kəsə toplanan sığorta haqqının müəyyən faizi qədər ödəniş edilməsi barədə qərar verib.
Bununla bağlı teleqramı Oğuz, Göygöl, Salyan, Astara, Balakən, Qəbələ, Ağdaş, Qazax, Samux, Sabirabad və digər rayon filiallarının rəhbərləri Maliyyə Nazirliyinə, Mərkəzi Bank və Nazirlər Kabinetinə göndəriblər.
Rayon rəhbərləri teleqramda qeyd ediblər ki, "Azərsığorta” Dövlət Şirkəti filialların 2021-ci il üçün əməyin ödənilməsi üzrə ştat cədvəlini, işlərin görülməsi xərclərinin smetasını və eləcə də sığorta yığımları barədə plan tapşırıqlarını təqdim etməyib: "Bu səbəbdən filialda çalışan işçilərə əmək haqlarının və digər xərclərin ödənilməsində çətinlik yaranıb. Xahiş edirik köməklik göstərəsiniz”.
Bu müraciətləri Maliyyə Nazirliyi araşdırılması üçün Azərbaycan İnvestisiya Holdinqinə göndərib.
"Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılır: "Bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması və bəzi xərclərin azaldılmasıdır. Təbii ki, sağlamlaşdırma və izafi xərclərin aradan qaldırılması üçün bəzi rayon filiallarının bağlanması qərara alınıb”.
Filialların bağlanmasına əsas səbəblərdən biri kimi filialların aylıq xərclərinin gəlirlərini daha çox üstələməsi olub:
"Yəni sözügedən filiallar əldə etdikləri gəlirlərlə öz xərclərini qarşılaya bilmirdilər. Bu isə yekunda Dövlət Sığorta Şirkətinin gəlirlərinə ciddi təsir etməklə zərərlə işləməsinə gətirib çıxara bilərdi.
Regionlarda və paytaxt Bakıda yerləşən bağlanmış filiallar gəlirlilik baxımından daha səmərəli fəaliyyət göstərəcəyi halda nümayəndəlik statusu daşıyacaq. Regional statusa malik yeni filialların yaradılması nəzərdə tutulub. Fəaliyyəti dayandırılan filialların müdirləri və əməkdaşları cari ilin yanvar ayı üzrə əmək haqqı və müvafiq müavinətlərı alıblar.