SON XƏBƏR

«Azərsu» dövlət pullarını kimə və necə xərcləyir?

Oktyabr 18
13:52 2016
Bu araşdırma 2012-ci ildə hazırlanıb. Amma bu gün də aktuallığını qoruyur.
 
KASIB MƏHƏLLƏLƏRƏ GEDİB ÇIXMAYAN DÖVLƏT PROQRAMI
 
Biz Şüvəlana gedəndə ötən axşamdan yağan sulu qarı nəzərə almasaq, elə bir yağıntı olmamışdı. Buna baxmayaraq, ara küçələrin bəzilərində artıq qayıq sürmək olardı. Yerli sakinlərin dediyinə görə, güclü yağışlardan sonra bu küçələr ümumiyyətlə keçilməz olur.

Şüvəlanda ötən il bir neçə küçəyə kanalizasiya xətləri çəkilsə də, söhbətləşdiyimiz sakinlərin əksəriyyəti «2011-2013-cü illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın onların küçəsinə gəlib çıxmadığını, pulların işə deyil, şəxsi ciblərə getdiyini deyirdi: «Bura kasıb məhəllədir, ona görə çəkmirlər. Əsas yerlərə çəkiblər, gözdən pərdə asmaq üçün», – Şüvəlan sakini Fərman kişi belə deyir.
 
Fərman kişinin ehtimallarını sənədlər də təsdiqləyir. Su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına məsul olan «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Seçdiyi podratçılar arasında isə eləsinə rast gəldik ki, «Azərsu» ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları tərəfindən yaradılıb.
 
«ŞÜVƏLANDA İŞLƏR ÖTƏN İLDƏN BAŞLAYIB»
 
Bunu Şüvəlan qəsəbə icra nümayəndəsi Baləli Əliyev deyir və əlavə edir ki, kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verib. Bizi əmin edir ki, bundan əvvəlki dövlət proqramlarında Şüvəlanda kanalizasiya sistemi üçün heç bir iş nəzərdə tutulmayıb: «Ötən il bəzi küçələrə kanalizasiya xətləri çəkilib, ancaq su təchizatı üçün hələlik heç bir iş görülməyib. Planda var ki, su anbarı qazılandan sonra su xətti də çəkiləcək».
Görünür Baləli Əliyevin «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»ndan xəbəri yoxdur. Bu proqramda yazılıb ki, 2007-ci ildə Şüvəlanda 4 milyon manatlıq kanalizasiya təmizləyici qurğu tikilib.
 
2006-2011-ci illər arası qəsəbədə su və kanalizasiya sistemi ilə bağlı müxtəlif işlərin görülməsinə isə Nazirlər Kabinetinin sərəncamları ilə 14 milyon manatdan çox vəsait ayrılıb.
 
Bəlkə Dövlət-«Azərsu»-Podratçı zəncirinin hansısa həlqəsində bu 14 milyon manatsadəcə olaraq mənimsənilir? Bunu araşdırmaq üçün «Azərsu» ASC-yə müraciət etdik.
 
TENDERSİZ SEÇİLƏN PODRATÇI ŞİRKƏTLƏR
 
«Azərsu» ASC-dən bizə dövlət proqramı üzrə işlərə cəlb olunan şirkətlərin adlarını verdilər. Məlum oldu ki, bu şirkətləri tender yox, sorğu əsasında seçiblər. Bunu da belə izah edirlər ki, tenderə vaxt itirməmək üçün hökumətə müraciət edib podratçılarla birbaşa müqavilələr bağlamağa icazə istəyiblər. Əks halda, dövlət proqramını vaxtında və tam həcmdə başa çatdırmaqda problem ola biləcəyini yazıblar. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə «Azərsu»na icazə verilib ki, «müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın».
«Satınalmalar haqqında» qanunda yazılıb ki, 50000 manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsiolmalıdır.
 
Qanunvericilik Nazirlər Kabinetinin xüsusi hallarda belə sərəncamlar vermək hüququnu tanısa da, hüquqşünaslar bu prosesdə şəffaflığı son dərəcə vacib sayırlar. İqtisadçılar isə deyirlər ki, xüsusilə dövlət proqramlarında belə hallar əsaslandırılmalıdır.
 
«ŞİRKƏT LAZIM İDİ, YARATDIQ»
 
Diqqətimizi bir fakt da cəlb etdi ki, «Azərsu»nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, «Azərsu»na yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər.
 
3 illik minimum iş tələbinə uyğun gələn ancaq «Tikinti-Təmir ANKZ-4» (2002) ASC və «Sənaye-Tikinti M» (2003) idi. Lakin birinci şirkətin nə təsisçilərini tapa bildik, nə də ofisini. Eyni sözləri «Mühəndis Tikinti Layihə» MMC (2011) barədə də demək olar.
 
«Azərsu»nun seçdiyi digər şirkətlərin heç biri qeydiyyat sənədlərində göstərilən ünvanlarda fəaliyyət göstərmir. Üstəlik, həmin hüquqi ünvanlarda bəzi hallarda 10-a yaxın başqa şirkət də qeydiyyatdadır. Belə ünvanlardan birinin sahibi deyir ki, hüquqşünasdır: «Şirkət lazım idi, sifariş verdilər, mən də yaradıb təhvil verdim. Həmin şirkətlərlə başqa heç bir əlaqəm yoxdur».
 
«AZƏRSU» PREZİDENTİNİN QOHUMLARI
 
Niyə dövlət əhəmiyyətli strateji layihələr heç bir təcrübəsi olmayan, ofisi bəlli olmayan sirli şirkətlərə həvalə edilir? Bəlkə bu şirkətlərin sahibləri fitri istedada, xüsusi danışıqlar texnikasına malik iş adamlarıdır? Yoxsa «Azərsu» rəhbərliyini inandıra biliblər ki, ən sərfəli işi məhz onların şirkəti icra edə bilər? Bizim araşdırmalar göstərir ki, Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri «Azərsu» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur.
 
PREZİDENTİN QAYNI VƏ…
 
«Sənaye Tikinti-M» MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynovdur. Eyni adlı-soyadlı şəxs Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşları ilə eyni qeydiyyat ünvanını bölüşür. Bu MMC «Azərsu» üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.
 
«Hidro-İnşaat Servis» MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC ötən il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»nun layihələrinə cəlb olunub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus»MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra – 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur. (azadliq.org)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook