“Azərsu” işləyə bilmir, prezident xarici şirkətlərlə danışıqlar aparır?
Mart 30
11:20
2023
Türkan qəsəbəsindəki bağın sahibi Turan-a bildirib ki, qəsəbəyə içməli su həftənin tək günlərində verilir. O, "Azərsu” ASC-yə zəng edib, ona deyiblər ki, su qıtlığı səbəbindən su ancaq tək günlərdə olacaq və bu rejim qeyri-müəyyən müddətə davam edəcək.
Turan Abşeronun digər qəsəbələrinin sakinlərinə zəng edərək öyrənə bilib ki, su təchizatında fasilələr hər yerdə baş verir. Zirədə "ümumiyyətlə su yoxdur”, Mərdəkanda "suyu qrafik olmadan istədikləri zaman kəsirlər. Gecələr stabil su yoxdur, gündüzlər sxemi başa düşə bilmirəm, daha doğrusu, sxem yoxdur”, – qəsəbə sakini bildirib. Əhmədliyə su bir gündən bir verilir. Binədə gündə üç saat su var.
Vətəndaşlar yenidən su çənləri quraşdırmağa və uzun illər istifadə olunmayan su quyularını işə salmağa başlayıblar. Bağ sakinləri ağacları quyulardan suvarmağı məsləhət görürlər, quyusu olmayanlar isə mütəxəssis tutaraq onu qazdırmalıdır. Quyu qazmaq torpaqdan və texnologiyadan asılı olaraq bir metrə görə 100-300 manata başa gəlir. Ancaq əksər hallarda quyulardakı su duzlu olur, bunu içmək olmaz, hətta ağacları sulamaq təhlükəlidir, çünki duz bitkiləri qurudur.
Duzlu suyun təmizlənməsi üçün osmotik (membran) sistemin quraşdırılması üç min manatdan çoxdur.
"Azərsu” ASC-də quraqlıq illərin səbəb olduğu içməli su çatışmazlığını təsdiqləyirlər. Bu qurumun rəsmi bəyanatlarında bildirilir ki, Abşeronda su qrafik üzrə verilir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə deyib ki, Bakı ilə qonşu yaşayış məntəqələrində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkəsi olmayan yerlərdə su təchizatında məhdudiyyətlər tətbiq edilir. Belə yerlərdə su istehlakı böyükdür, orada gecə su təchizatı məhdudlaşdırılır. Məqsəd yay aylarında vətəndaşları təmin etmək üçün suyun saxlanmasıdır.
Belə abunəçilərə hesablar sutkalıq istehlak norması əsasında təqdim olunur ki, bu da ayda adambaşına 5 kubmetrdir. Orta Azərbaycan ailəsi 4 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, 1 milyon adam sudan sayğacsız istifadə edir. Sayğac olmadıqda istehlak edilən suyun dəqiq miqdarını söyləmək mümkün deyil.
Formal olaraq, normativə görə, əhali kateqoriyasından 1 nəfər ildə 60 kubmetr su və ya 1 milyon adam ildə 60 milyon kubmetr su istehlak edir. Reallıqda bu rəqəm bir neçə dəfə yüksək ola bilər, məsələn, 120 və ya 240 milyon kubmetr. Ödəniş 60 milyon kubmetrə görə tutulur. Qalan həcmlər isə sızma kimi silinir. Şirkətin borcları buradan artır. Təkcə bu paratmetrlər üzrə itkilər ildə 80 milyon manatdan 160 milyon manata qədərdir.
2021-ci ildə Tarif Şurası "Azərsu”nun istəyini təmin edib və fiziki şəxslər üçün suyun qiymətini iki dəfə artıraraq bir kubmetrə görə 70 qəpiyə qaldırıb (Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu ərazisindən kənarda abunəçilər üçün 60 qəpikdir).
Yerinə düşən sual: niyə "Azərsu” "sayğacsız ödəniş” adlı "qara dəliyi” hələ də qapamayıb?
2006-cı ildə "Azərsu” ASC-nin prezidenti Nizami Rzayev 2008-ci ilin sonunda bütün ölkə üzrə sayğacların quraşdırılmasının başa çatdırılacağına söz vermişdi. 2006-cı ildə "Azərsu” ölkə ərazisində 880 min abunəçiyə xidmət haqqında hesabat verdi. Onlardan 860 mini əhali kateqoriyasına aid idi. Sonra 2012-ci ildə bütün abunəçilərin sayğacla təmin ediləcəyinə söz verildi.
O vaxt sayğacları olan abunəçilərin sayı 1 milyona çatdı. Yəni 12 il ərzində şirkət yalnız 749 min və ya ildə 62,4 minə yaxın sayğac quraşdırdı. Bütün şəhər və kənd yerlərində, bütün ölkədə şöbələri olan "Azərsu” hökumət vəzifəsinin öhdəsindən gələ bilmədi.
2011-ci ildə prezident Rzayevi "Azərsu” ASC-nin sədri vəzifəsindən azad etdi, səbəbləri açıqlanmadı, lakin 2015-ci ilin fevralında "Azərsu” sədrinin birinci müavininin müşaviri postunda bu quruma qayıtdı. O vaxt ASC-nin sədri Qorxmaz Hüseynov idi.
O 2021-ci ildə işdən çıxarıldı. "Azərsu” rəhbərliyindəki kadr dəyişikliyi də sayğacların quraşdırılması işini yaxşılaşdırmadı.
Analoji olaraq digər kommunal şirkətlə müqayisə edək: "Azəriqaz” ASC yalnız sayğaclar vasitəsilə ödəniş alır. Həmçinin "Azərişıq” elektrik paylayıcı şirkəti. Nəzəri olaraq, bu şirkətlərin xidmətlərinin hər bir istehlakçısı – əhali və ya şirkətlər istehlaka görə ödəniş edirlər. Əslində, bəzən digər şübhəli sxemlərdən də istifadə olunur, lakin bütün istehlakçılarda sayğac var, üstəlik qaz və elektrik sayğaclarının struktur cəhətdən su sayğaclarından mürəkkəb və bahalıdır. "Azərsu” cəmiyyəti isə hələ də bütün ölkəni suya qənaət edən qurğularla təchiz etməyib.
Hər il "Azərsu” zərərlə işləyir, dövlətdən dotasiya alır. 2022-ci ilin əvvəlində bu ASC-nin ümumi borcu 8 milyard manat olub. Hökumət qanunvericiliyin pozulması ilə işləyən, öz xidmətlərinin dəyərini dəfələrlə artırmağa çalışan, lakin zərərlə işləməyə davam edən "Azərsu” QSC adlı yükün öhdəsindən necə gələcək?
Turan "Azərsu”nun regional qurumlarında aşkar edilmiş qanunsuz əməllər barədə məqalələr dərc edib. Faktlar göstərir ki, "Azərsu”nun işindəki boşluqlar onun ödəniş etməyən abunəçilərin borclarını ödəmək və külli miqdarda pulu mənimsəmək üçün əhalidən qanunsuz pul yığımı sistemini yaratmış yuxarı və orta səviyyəli rəhbərlərinə sərfəlidir.
Eyni zamanda, "Azərsu” hesabat verir ki, belə abunəçilərin su kəmərinə qoşulması şirkətin hesabına baş verir.
Biz açıqlama üçün "Azərsu”ya müraciət etdik, lakin şirkətdə bu məsələ ilə bağlı şərh verməkdən yayındılar.
15 mart 2023-cü il tarixində prezident İ.Əliyev Almaniyada aparıcı şirkətlərlə görüşdə deyib ki, ölkənin məqsədi vətəndaşların içməli su ilə 100% təmin edilməsidir. Ancaq prezident bunun nə vaxt olacağını deməyib. O etiraf edib ki, tapşırığı yerinə yetirmək çətin olacaq, çünki çox iş görülməlidir. Artıq Azərbaycanda fəaliyyət göstərən Almaniyanın "Tauber” şirkətinin prezidenti əməkdaşlığa hazır olduğunu bildirib.