SON XƏBƏR

“Azərsun” Cəbrayıl sakinlərinə pul ödəməlidir… – Qanun nə deyir?

Noyabr 18
16:39 2022
Azərbaycanda "Torpaq islahatı haqqında” Qanun qəbul olunan zaman – 1996-cı ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan torpaqlar artıq işğal olunmuşdu.

Yeniavaz.com xəbər verir ki, işğal səbəbindən Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında torpaq islahatlarının həyata keçirilməsi mümkün olmayıb.

Məlumat üçün bildirək ki, "Torpaq islahatı haqqında” Qanunun 24-cü maddəsində yazılır ki, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir.

Qanunun 12-ci maddəsinə görə, sovxoz və kolxozlarda daimi işləyən, o ərazidə yaşayan hər kəsin torpaqdan pay almaq hüququ var.

Yuxarıda adları qeyd olunan ərazilər artıq 2 ildir işğaldan azad olunsa da, "Torpaq islahatı haqqında” Qanunun tələbləri yerinə yetirilməyib. Qeyd olunan ərazilərdə torpaq islahatı həyata keçirilməyib.

Onu da qeyd edək ki, torpaq islahatlarının həyata keçirilməməsinə baxmayaraq, həmin ərazilərdə ayrı-ayrı özəl şirkətlər kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. Məsələn, ötən il Cəbrayıl rayonu ərazisində buğda istehsalı əvvəlki illə müqayisədə 3 dəfəyə yaxın artıb.

Xatırlayırsınızsa, bu il iyul ayının 14-də Cəbrayıl rayonunun işğaldan azad olunan Dağtumas kəndi ərazisində "Azərsun Holdinq”ə məxsus yük avtomobili tank əleyhinə minaya düşüb. Hadisə ilə bağlı açıqlama verən ANAMA və Cəbrayıl rayon prokurorluğundan bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib. Həmin vaxtı minaya düşən avtomobilin video görüntüləri yayıldı və məlum oldu ki, minaya düşən avtomobilin yaxın ətrafında taxıl biçini həyata keçirilir.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, "Torpaq islahatı haqqında” Qanunun tələblərinə görə, 1996-cı ilə kimi Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində fəaliyyət göstərən sovxoz və kolxozlara aid torpaqlar artıq 2 ildir o ərazidə yaşayan insanlara məxsusdur. Sadəcə olaraq, torpaq bölgüsü həyata keçirilməyib.
Bəs görəsən, Dağtumas kənd sakinlərinə məxsus torpaqlarda buğda əkən "Azərsun Holdinq” onlarla icarə müqaviləsi bağlayıbmı? Buğda əkininə görə onlara hər hansı bir ödəniş edilirmi?

Daha əvvəl məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən Yeniavaz.com-a bildirmişdilər ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə icazə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmir.

"Azərsun Holdinq” şirkətindən isə suallarımıza cavab ala bilməmişdik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook