SON XƏBƏR

"Azəryaşlandşaft": Hesablama Palatasının auditi nəticəsində maliyyə pozuntusu qeydə alınmayıb

Avqust 01
13:20 2017
2017-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-də Hesablama Palatası tərəfindən planauyğun olaraq növbəti audit yoxlaması keçirilib. 2015-2016-cı illəri əhatə edən audit yoxlaması zamanı səhmdar cəmiyyət və onun bir sıra tabeli qurumlarında maliyyə-təsərrüfat fəaliyyəti nəzərdən keçirilib, mühasibat uçotu qaydaları yoxlanılıb.

"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-dən "APA-Economics"ə daxil olan məlumatda bildirilir ki, aparılan auditin nəticəsində maliyyə pozuntusu faktı qeydə alınmayıb, yeyinti və mənimsəməyə yol verilməyib: "Bəzi xırda qüsurlar müşahidə edilib ki, bununla bağlı Hesablama Palatası tərəfindən ASC-yə tövsiyə xarakterli göstərişlər verilib və həmin qüsurlar yoxlamanın gedişində aradan qaldırılıb. Qeyd edək ki, müəyyən olunan bəzi qüsurlar nəzəri göstərişlərlə praktik işdə yaranan uyğunsuzluqlardır və aradan qaldırılması asan olan çatışmazlıqlardan ibarət olub. Məsələn, Hesablama Palatasının arayışında "Azəryaşlandşaft" ASC tərəfindən büdcə vəsaitlərinə dair proqnozlar tərtib edilərkən qulluq göstərilən yaşıllıq sahələrinin əvvəlki illərin faktiki göstəricisinə nisbətən çox göstərilməsi və nəticədə xərclərə olan proqnoz məbləğlərinin ötən illərin icra məbləğlərindən çox hesablanması irad kimi qeyd olunub. Əslində ölkə rəhbərinin aqrar sektora diqqəti nəticəsində "Azəryaşlandşaft" ASC tərəfindən görülən işlərin həcminin böyüməsi müsbət haldır. Bütün hesablamalar müəyyən olunmuş normativlər əsasında aparılır və nəticədə yeni ərazilərdə salınacaq yaşıllıqlarla bağlı torpaq hazırlığı işləri aparılır ki, bu işlərin həcmi əvvəlki illərdən bir neçə dəfə çoxdur. Yəni salınan yaşıllıq sahələri artdığından müvafiq metodla Maliyyə Nazirliyinə verilən sifariş də ona uyğunlaşdırılır.

Yaxud məlumatda ASC-nin tabeliyində olan yaşıllaşdırma idarələri üzrə ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşmanın mövcud olmaması, müxtəlif yaşıllıq sahələri üzrə bir bağbana düşən xidmət sahəsinin fərqli olması qüsur kimi qeyd olunur.

Bu ondan irəli gəlib ki, yaşıllıqlar salınan ərazilər müxtəlif zonalarda yerləşir, relyef, torpaq, iqlim və digər təbii xüsusiyyətlərlə bir-birindən fərqlənir. Bu səbəbdən də onlara tələb olunan xidmətedici heyətin sayı fərqli göstərilir. Belə ki, münbit və əkinə daha yararlı torpaqlarda işləmək üçün tələb olunan xidmətedici heyətin sayı qrunt suları ilə şoranlaşmış və əkinə daha yararsız torpaqlarda tələb olunan heyətin sayından az olması praktik reallıqdır. Yaxud elə ərazilər var ki, torpağına, alağına və xidmətinə görə az işçi qüvvəsi tələb edir, əksinə elə yer də var ki, daha çox xidmət tələb edir.

Bundan başqa, ASC-nin xidmət göstərdiyi bəzi sahələrin yerli icra hakimiyyəti orqanlarının sərəncamları əsasında müvəqqəti istifadəyə götürülməsinin büdcə vəsaitlərinin xərclənməsində müəyyən risklər yaratması kimi iradla bağlı bildiririk ki, dövlət müəssisəsi yarandığı gündən ölkə rəhbərliyi tərəfindən ona magistral avtomobil yollarının ətrafında yaşıllıq zolaqlarının salınması tapşırılıb və bu torpaqların mülkiyyətçisinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Yəni ASC-nin öz balansında torpağı yoxdur və olması planlaşdırılmır. Lakin ASC harada gəldi yaşıllıqlar salmır, ancaq müvafiq yerli rayon və ya şəhər icra hakimiyyətlərinin sərəncamı ilə ayrılan yaxud təhkim olunan ərazilərdə yaşıllıqlar salır. Əgər Nazirlər Kabineti lazım bilərsə ASC-nin saldığı və yeni salınacaq yaşıllıqlar altındakı torpaqları cəmiyyətin balansına verə bilər. Hələlik ASC-nin torpaqların öz balansında olması nəzərdə tutulmayıb. Baxmayaraq ki, nazirlik müvafiq təşkilatlar qarşısında bununla bağlı məsələ qaldırıb. Yəni bu məsələnin həlli nə cəmiyyətin, nə də nazirliyin səlahiyyətləri daxilində deyil".

Açıqlamada o da qeyd edilib ki, Hesablama Palatasının arayışında ASC tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının ixtisaslaşmış funksional idarəyə deyil, birbaşa ərazisində işlər həyata keçirilmiş idarəyə təhvil verilməsi kimi sənədləşdirilməsi də maliyyə və mühasibat yazışmalarında yol verilmiş texniki qüsur kimi qiymətləndirilib. ASC-dən bildirilib ki, əslində bu yanaşma həm vəsaitlərin qənaətlə istifadəsinə, həm də operativliyə yönəlmiş bir addımdır: "Çünki əgər bu işlər ASC-nin tərkibində olan ixtisaslaşmış suvarma idarəsinə tapşırılsaydı, onda həmin idarəyə nəinki boru və aksesuarlar, həm də bu işlərin görülməsi üçün də vəsait ayrılmalı idi. Halbuki mövcud yaşıllıqlara xidmət göstərən və suvarma sistemləri artıq mövcud olan ərazilər üçün müəyyən miqdarda boru və aksesuarların ayrılması, istənilən halda yarana bilən nasazlıqları aradan qaldırmağa və ağacların susuzluqdan qorunmasını həmin saat təmin etməyə şərait yaradır. Məsələn, hər hansı ərazidə damcılı suvarma borusu müəyyən səbəbdən qismən sıradan çıxıbsa, onun dərhal yerindəcə bərpa olunması operativlik baxımından daha səmərəlidir. Çünki xırda nasazlıqların yerindəcə həll edilməsi vaxt itkisinin və nəticədə bir neçə ağacın susuz qalmasının qarşısını alır".

"Bitiş faizinin bir idarədə mövcud normadan 3,2% az olması ilə bağlı Hesablama Palatasının iradı heç bir halda günahlandırma və ya pozuntu kimi xarakterizə olunmadığından məlumatda bu, yumşaq irad tərzi ilə qeyd olunur. Çünki mövcud təlimat və normativ sənədlərə əsasən normal bitmə şəraitinə malik ərazilərdə meşə əkinləri və yaşıllıqların salınması işlərində 75-80% bitiş faizi müsbət göstərici qəbul edilir. Nəzərə alsaq ki, cəmiyyət tərəfindən yaşıllaşdırma işləri, əksər hallarda çətin bitmə şəraitinə malik ərazilərdə aparılır. Ona görə də bütün xidməti ərazilər arasında yalnız 1 idarə üzrə normadan 3,2% az bitiş göstəricisi ciddi qüsur hesab edilmir.

Belə xırda qüsur və nöqsanlar olduğundan Hesablama Palatası "Azəryaşlandşaft" ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib və müəyyən edilmiş digər xırda nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılmasına göstəriş verib.
Ümumiyyətlə, "Azəryaşlandşaft" ASC-nin bu sahədə gördüyü işlər göz qabağındadır. Əvvəllər minlərlə vətəndaşın paytaxtdan şimal, cənub istiqamətində səyahət edərkən gördükləri neftli, mazutlu, şoran gölməçələrdən ibarət heç otun da bitmədiyi ərazilərdə ağlasığmaz zaman kəsiyində əvvəl təsəvvür belə etmək mümkün olmayan yamyaşıl mənzərənin şahidi olurlar. Çoxsaylı müraciətlərdə vətəndaşlar nazirliyə təəccüblə bildirirlər ki, qışın soyuq küləkli havasında da, yayın qızmar istisində də işçilər ağaclara qulluq göstərirlər. Məhz bunun nəticəsində milyonlarla ağac göz oxşayır", - deyə məlumatda vurğulanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook