Bahar Muradova məişət zorakılığına qarşı tədbiri ət satan şirkətlə aparacaq - Araşdırma
Mart 18
17:51
2022
Dövlət Statistika Komitəsinin məlumatına görə 2021-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 1499 cinayət faktı qeydə alınıb. Bu, 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 19% artım deməkdir: 2019-cu ildə 1308, 2020-ci ildə 1260 belə fakt qeydə alınmışdı.
Məişət zorakılığı nəticəsində zərər çəkmiş şəxslərin sayı 2021-ci ildə 1536 nəfərə çatıb. Zərərçəkənlərin 78%-i qadınlardır. Dövlət Statistika Komitəsinin (DSK) Daxili İşlər Nazirliyinə (DİN) istinadən verilən məlumata görə, məişət zorakılığı nəticəsində ölənlərin 46-sı qadındır (1-i yetkinlik yaşına çatmayan şəxs). 2020-ci ildə bu göstərici 41 olub. Ancaq bu statistika ilə razılaşmayanlar var. Qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın sözlərinə görə 2021-ci ildə "70-dən çox qadın yaxınları—atası, qardaşı, qayınatası, həyat yoldaşı, sevgilisi tərəfindən öldürülüb… 2022-ci ilin ilk iki ayında 7-dən çox qadın qətlə yetirilib”.
Göründüyü kimi, hətta rəsmi statistikaya görə məişət zorakılığı məsələsi Azərbaycan cəmiyyətində problem olaraq qalır. Bu zəmində baş verən cinayətlər və bu cinayətlərin qurbanlarının sayı artmaqdadır. Erkən nikah, cinsi səbəblərə görə abort və digər belə məsələlər hələ də aktualdır. Bəs problemi həll etmək üçün hansı tədbirlər görülür?
Əlbəttə, mübarizə yalnız müvafiq cinayət işlərinin açılması ilə məhdudlaşmır, səbəblərə qarşı mübarizə aparılmalıdır. Məhz səbəblər aradan qaldırılsa, nə qədər insan həyatı dəyişər, xilas olar. Əslində Azərbaycanda problemlə birbaşa məşğul olan dövlət qurumu var–Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi mövcuddur. Və komitə uyğun profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə hər il dövlət büdcəsindən müəyyən qədər vəsait alır. Vəsaitin tədbirlərə kifayət edib-etməməsi ayrı mövzudur. Şübhə doğuran, vəsaitin bölgüsü məsələsidir.
118 min manatlıq müavilə
Azərbaycanda ən aktual problemlərdən biri, doğulacaq uşağın cinsinin müəyyən edilməsi nəticəsində həyata keçirilən abortlardır. Buna qarşı tədbirlər görülür–Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi təlimlər və tədbirlər keçirir. Məsələn, 2022-ci il, fevralın 17-də komitə digər tədbirlər ilə birgə həm də "Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə üzrə icma səviyyəsində maarifləndirmə tədbirin keçirilməsi”nə dair müqavilə imzalayıb. Müqavilə əsasında "bir rayon və ya şəhərdə maarifləndirmə tədbirinin təşkili, bir rayonda bir ekspertin iştirakı” nəzərdə tutulur. Tədbir xərclərinə bir ekspert üçün iştirak haqqı, 50 nəfərlik çay fasiləsi daxildir və müqavilənin ümumi dəyəri 118 min manatdır.
Komitə müqaviləni "Aqrolayn Qrup” MMC (VÖEN: 2001975481) ilə imzalayıb. Adında "aqro” sözü olan şirkətin doğulacaq uşağın cinsinin seçilməsinə qarşı mübarizə ilə yox, daha çox kənd təsərrüfatı sahəsi ilə məşğul olması təəssüratı yaranır. Şirkətin haqqında məlumatlara baxaq.
Kommersiya hüquqi şəxslərin reyestrinin məlumatına görə "Aqrolayn Qrup” MMC 2011-ci il, iyunun 13-də qeydiyyatdan keçib. Rəsmi ünvanı Bakı şəhəri, Xətai rayonu, N. Rəfiyev küçəsi, ev 11, mənzil 10-dur. Ünvan dəyişməyib. Qanuni təmsilçi qismində Şəmsun Bəhrəm oğlu Məmmədov qeyd olunub. Şirkətin yaradıldığı ildə təsisçilərinin Eldar Üzeyir oğlu Hacıyev və Cəmil Yusif oğlu Mirzəyev olduğu göstərilir. Dövlət Vergi Xidmətinin saytında 2020-ci ildə işçilərinin əməkhaqqını ödəmək üçün dövlətdən kömək alanların siyahısında "Aqrolayn Qrup” MMC-nin də adı var.
"Aqrolayn Qrup” MMC nə ilə məşğuldur?
Google-da axtarış verəndə Xətai rayonu üzrə "Aqrolayn Qrup” adlı bir şirkəti tapmaq olur. Onun da fəaliyyət sahəsi belə qeyd olunub: "kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə xidmətlərin göstərilməsi”. İnternetdə şirkətin adı ilə bağlı başqa məlumatlar da var. Məsələn, 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib. Bu iclasda 9 satıcı təşkilat, o cümlədən, "Aqrolayn QRUP” MMC iştirak edib. Bu, eyni adlı başqa şirkət ola bilərmi? Kommersiya hüquqi şəxslərin reyestrinə görə Azərbaycanda daha iki belə şirkət var: Aqrolayn Qrup MMC və AGROLİNE GROUP. Hər iki qrup qeydiyyatdan 2015-ci ildə keçib.
Eyni adlı şirkət eyni zamanda tədarük.az saytında aqrar tədarükçü kimi qeydiyyatdan keçib. Beynəlxalq daşımalara həsr olunmuş bazada isə şirkətin vasitəsilə 2018-ci ildə Ukraynadan Azərbaycana yumurta və s. gətirildiyi göstərilir. Müvafiq bazada da şirkətin ünvanı "N. Rəfiyev küçəsi, ev 11, m. 10” olaraq göstərilib. Belə çıxır ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin tenderinin qalibi olan şirkət vaxtilə Ukraynanın İvano-Frankovsk şəhərindən bir neçə partiya yumurta alıb. Sonuncu dəfə 2018-ci ilin sentyabrında 288 min yumurta alışını həyata keçirib. Açıq mənbələrdə sonrakı idxal-ixrac əməliyyatlarına dair məlumat yoxdur.
"Aqrolayn QRUP” MMC-nin VÖEN-i üzrə "Qida biznesi obyekti haqqında reyestr məlumatlarında” axtarış verəndə şirkətin Bakı şəhərində 2 qida obyekti olduğu ortaya çıxır. Birinci obyekt Nizami rayonu, 6-cı Köndələn küçəsi 2 ünvanında yerləşən, ət və ət məhsullarının topdan satışı ilə məşğul olan anbardır. İkinci isə "Gənclik Mall”da yerləşən "Berlin Dönər” kafesi ticari adı/nişanına malik olan ictimai iaşə obyektidir (reyestrdə "kafe/çayxana” kimi qeyd olunub). Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, 2022-ci il, fevralın 17-də (yəni komitə ilə müqavilənin imzalandığı gün) keçirilən monitorinq zamanı həmin kafedə "qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub”.
Dövlət komitəsi "Aqrolayn QRUP”la bir neçə müqavilə imzalayıb
Dövlət satınalmalar reyestrini gözdən keçirəndə məlum olur ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi "Aqrolayn QRUP” MMC ilə 2022-ci ilin əvvəlindən 3 müqavilə imzalayıb:
2. "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci il əlamətdar günlər üzrə fəaliyyət istiqamətindən irəli gələn məsələlər ilə əlaqədar tədbirlərin təşkili” – 182 900 manat
3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci il üzrə Dövlət Proqramlarının müvafiq bəndlərinin icrası məqsədilə tədbirlərin təşkili – 293 348 manat.
Müqavilələrin ümumi dəyəri 594 248 manat təşkil edib. Nəticədə Bakıda ət və ət məhsullarının topdan satışı ilə məşğul olan, dönərxana işlədən şirkət eyni zamanda a) doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə üzrə icma səviyyəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqları ilə bağlı konfransların, seminarların, təlimlərin təşkili; b) əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi və maarifləndirmə vəsaitlərin hazırlanması; c) məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sahəsində məhkəmə təcrübəsinin təhlili və tövsiyyələrinin hazırlanması; ç) məişət zorakılığı ilə mübarizə sahəsində və uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və s. təşkili ilə məşğuldur.
"Aqrolayn QRUP” MMC-nin əməkdaşlıq etdiyi tək Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi deyil. Məsələn, komitədən bir ay əvvəl şirkət İçərişəhər Mənzil-Kommunal Təmir Xidmətini "360 L plasmas zibil yeşikləri” ilə təmin edib. Eyni ayda Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçün "asfalt örtüyünün vurulması” xidmətini təşkil edib. Yalnız dərc olunmuş məlumatlara görə, 2021-ci ildə "Aqrolayn QRUP” MMC müxtəlif qurumlarla 570 min manatlıq 10 müqavilə imzalayıb. Bir sözlə, eyni şirkət müxtəlif xarakterli tenderlərin fəal iştirakçısıdır.
Mənbə: openazerbaijan.org
Qlobal.az