"Bakı 2015"in mükafatçısı: "Azərbaycan istənilən Oyunlara ev sahibliyi edə bilər"
Mart 07
10:39
2017
"Bir neçə dəfə yarışlarla bağlı Bakıda olmuşam, amma "Bakı 2015" I Avropa Oyunları yaddaşımda xoş izlər buraxdı. "Bakı 2015"in bürünc medalçısı oldum.
Oyunlar zamanı Bakını bir daha kəşf etdim".
"Report"un məlumatına görə, bunu ilk Avropa Oyunlarında yunan-Roma güləşi üzrə bürünc medal qazanmış türkiyəli Metexan Başar IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına müsahibəsində deyib.
Azərbaycan istənilən Oyunlara ev sahibliyi etmək iqtidarında olduğunu söyləyən 26 yaşlı güləşçi İslamiadaya İstanbulda Azərbaycan güləşçiləri ilə birgə hazırlaşdığını söyləyib: "Onsuz da biz qardaş ölkələrik, bunun başqa açıqlaması da yoxdur. Oyunlar zamanı idmançılara xidmət, bir sözlə, hər şey yüksək səviyyədə idi. Düşünürəm ki, Azərbaycan istənilən Oyunlara ev sahibliyi etmək iqtidarında olan ölkədir. Hazırda biz azərbaycanlı qardaş güləşçilərlə təlimlərdəyik, "Bakı 2017"yə hazırlaşırıq. Növbəti həftələr ərzində bir neçə yarışda iştirak etməliyik. Sonra Bakıya yola düşəcəyik".
Azərbaycanla Türkiyənin daim bir olmasını arzulayan M.Başar İslam Həmrəyliyi Oyunlarının dəyərlərindən də söz açıb: "Bakı 2017"nin 4 dəyərindən "birliyi” seçirəm. Hər birimiz birləşək. İndiki müharibələri gördükcə çox təəssüflənirəm. Azərbaycanla Türkiyənin daim bir olmasını arzu edirəm”.
Qeyd edək ki, 85 kq çəki dərəcəsində mübarizə aparan M.Başar I Avropa Oyunlarında bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Maksim Manukyanı 3:0 hesabı ilə məğlub edərək, fəxri kürsüyə yüksəlib.