"BAKI mən səni sevirəm"- video
Oktyabr 25
15:16
2015
Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə "Bakı, mən səni sevirəm” kinolayihəsinin təntənəli təqdimat mərasimi keçirilib.
Qlobalinfo.az Trend-ə istinadən xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tanınmış ictimaiyyət və incəsənət xadimləri, yaradıcı insanlar, diplomatik korpus nümayəndələri və xarici qonaqlar iştirak ediblər.
Aktyorlar və rejissorlar möhtəşəm layihə üzərində iş haqqında Trend-ə təəssüratlarını bölüşüblər.
Yeqor Mixalkov-Konçalovski – tanınmış rusiyalı kinoaktyor, kinorejissor, ssenarist və prodüser: "Bakı həmişə mənim ürəyimdə yaşayacaq. Bakının bir çox yerlərində olduqdan sonra, ilin müxtəlif fəsillərində onu kinolentin yaddaşına köçürdükdən sonra belə qənaətə gəldim ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim çox gözəl beynəlxalq komandamız var idi və bu, filmi yalnız zənginləşdirmədi. Həm də müxtəlif ölkədən olan aktyor və rejissorlar gözəl ölkənizi, adət və ənənələrinizi tanımaq, Azərbaycanı və sakinlərinin gözəlliyini öz gözlərilə görmək imkanı əldə etdilər. Film bir neçə dilə təkrar dublyaj ediləcək və başqa ölkələrdə də təqdim olunacaq. Həyatımda 40 qısametrajlı filmə prodüserlik etmişəm – bu, 40 əhvalat, 40 rejissor deməkdir. Artıq daha çox sevdiyim Bakı layihəmizdə 10 film var idi, bu isə 10 rejissor, 10 istedad, 10 baxış deməkdir ki, bu da mənim üçün bir ustad dərsi oldu. Bu layihə üzərində işləyərkən mənim üçün əsas yaradıcılıq fərqi bax bu oldu”.
Portuqaliyalı rejissor Andre Badalo isə "Sevgi haqqında” novellasını çəkib: "Bakı, mən səni sevirəm” kino layihəsi Bakını, onun müasir həyatını və orijinallığını göstərməyə imkan verən çox gözəl layihədir. Bu layihəyədək Bakı haqqında təsəvvürə malik deyildim, lakin burada olduğum ilk gündən Bakının nə qədər ekzotik və eyni zamanda müasir şəhər olduğunu gördüm. Özümü burada tamam başqa dünyada hiss etdim. Burada insanlar hədsiz xeyirxahdırlar və ən əsası öz Vətənlərini sevirlər. Rəqslərinizə, musiqinizə, memarlıq ənənələrinizə, mətbəxinizə heyran olmuşam, ən çox isə məni şəhərin gecələr işıqlı olması heyran etdi. Təəssüratlar sadəcə fantastikdir!”.
Britaniyalı rejissor Aleksandr Fodol "Lotereya bileti” novellasını çəkib: "Bakı ilk baxışdan romantik şəhər təsiri bağışladı. Şəhər belə irimiqyaslı layihələrin reallaşdırılması üçün ideal uyğun gəlir. Burada məni hər şey təəccübləndirirdi və ilhamlandırırdı – günəşin qürub etməsindən doğmasınadək, qədimdən başlayaraq müasir memarlığa qədər, insanların qonaqpərvərliyindən tutmuş yaradıcı kollektivin peşəkarlığına qədər. Bura qayıtmaq, daha bir film çəkməyi çox istərdim, lakin bu dəfə dağlıq ərazidə. Möhtəşəm kinolayihələrin reallaşdırılması üçün burada böyük potensial var”.
Rusiyalı aktyor, Şimali Osetiya - Alaniya Respublikasının xalq artisti Vadim Tsallati "Aysel” novellasında rol alıb: "Bu, sənədli və bədii kinonun harmonik birləşdiyi unikal layihədir. Qeyd edim ki, mənim üçün layihədə iştirak bu möcüzəli şəhərə özünəməxsus sevgi etirafım oldu. Mən Bakıya ikinci dəfə gəlirəm, lakin təəssüratlarım həddindən artıq böyükdür – bənzərsiz mehriban aura, insanların hədsiz qonaqpərvərliyi, müasir şəhərin əsrarəngiz gözəlliyi və İçərişəhərin orijinallığı. Bütün bunlar yalnız yaxşı təəssüratlar doğurur, Azərbaycan xalqı tarixi və müasir dövrü ilə fəxr edə, gələcəyə inamla baxa bilər”.
Azərbaycanlı kinorejissor İlqar Safat layihənin iki filmində iştirak edib – "Xəzər Atlantidası” novellasının rejissoru və "Bəhram Gur”un ssenari müəllifi kimi: "2011-2012-ci illərdə başlayan bu kinolayihənin reallaşdırılması kinematoqrafiyamızın inkişafında böyük rol oynayaraq aktyorların və rejissorların məhsuldar işini stimullaşdırdı, kino sənayemizin keyfiyyətini və səviyyəsini xeyli yüksəltdi. "Bakı, mən səni sevirəm” üzərində iş yüksək peşəkar kollektivlə əvəzsiz əməkdaşlıq təcrübəsi verdi”.
Azərbaycanlı kinorejissor Samir Kərimoğlu "Rəssam” novellasını çəkib: "Yeqor Mixalkov-Konçalovski Moskvadan mənə zəng edərək, layihədə iştirak etməyi təklif edəndə çox xoşbəxt idim. Çəkilişlər çox maraqlı keçirdi, üstəlik ölkəmizdən olan peşəkarlar da daxil olmaqla beynəlxalq yaradıcı kollektiv layihə üzərində işləyib. Bu mənim üçün böyük təcrübə və peşəkar sınaq oldu, çünki 9 dəqiqə ərzində süjet xəttini tam açmaq, tamaşaçılarda emosiya doğurmaq, bununla yanaşı milli iz qoymaq və layihənin digər rejissorları arasında öz "mən”ini göstərmək lazım idi. Ümid edirəm ki, işimiz tamaşaçıların xoşuna gələcək”.
Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Məbud Məhərrəmov: "Çox şadam ki, Heydər Əliyev Fondu belə gözəl layihəyə imza atdı, çünki hamımız bu şəhərdə yaşayırıq və paytaxtımızda hansı möhtəşəm dəyişikliklərin baş verdiyini görürük. Bakı gündən-günə daha gözəl və əzəmətli olur, hər gün onu daha çox dəlicəsinə sevməyə davam edirik. Hamını bu möhtəşəm premyera münasibətilə təbrik edirəm!”.
Azərbaycanın Əməkdar artisti, "Azərbaycanfilm” kinostudiyasının aktyoru Şamil Süleymanov: "Hər şeydən əvvəl layihənin reallaşdırılmasına görə onun təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm, çünki bu paytaxtımızın bütün dünyada təbliğatı baxımından çox vacibdir. Axı, məlum olduğu kimi daha əvvəl "Paris, mən səni sevirəm”, "Nyu-York, mən səni sevirəm”, "Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr reallaşdırılmışdı. "Bakı, mən səni sevirəm” layihəsi üzərində işləmiş gənc rejissorlarımızın işini qeyd etmək istərdim, onlar yaradıcı yanaşmalarında məşhur xarici kinematoqraflardan geri qalmayıblar”.
Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə: "Mən "Həyət” novellasında rol aldım, burada hadisələr Bakının köhnə həyətlərinin birində baş verir. Filmin çəkilişlərində aktyor deyil, məhz bakılı kimi iştirak etməyim mənim üçün çox xoş idi. Rejissor mənim simamda əsl bakılı obrazını tapdı. Ola bilsin ki, çoxları bu rolu oynaya bilərdi, lakin mənə ikiqat xoşdur ki, həmin rola məhz məni dəvət etdilər. "Bakı, mən səni sevirəm!” – bu hisslər doğulduğum gündən bəri ürəyimdə yaşayır və əsl bakılı kimi həmişə doğma şəhərimə çiçəklənməyi arzu edirəm. Bu kinolayihə isə əsl Bakı qəsidəsi oldu!”.
Azərbaycanın Əməkdar artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elşən Cəbrayılov: "Teatrda çox rol oynamışam, kinoda çəkilmişəm, lakin bu kinolayihədə iştirak etmək mənim üçün böyük uğur, yaradıcılıq fəaliyyətimin zirvələrindən biri oldu, çünki bu film bütün dünyada təqdim olunacaq. Biz kinematoqrafiyanın əsl peşəkarları ilə işləyirdik və ölkəmiz üçün belə vacib layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürümü bildirmək istərdim”.
Azərbaycanın Əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Fuad Osmanov: "Layihə milli kinematoqrafiyanın inkişafı üçün çox vacibdir, üstəlik onun üzərində məşhur xarici mütəxəssislər işləyiblər. Mənə rusiyalı rejissorlarla işləmək, digər məktəbin ustalarının işi ilə tanış olmaq görmək çox maraqlı idi, çünki bu da yaradıcılıq baxımından özünü zənginləşdirmək üçün xeyli təcrübə qazandırdı. Əminəm ki, layihə beynəlxalq arenada böyük uğur qazanacaq”.
Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova: "Layihə üzərində işə başlamazdan əvvəl çox həyəcanlanırdım, çünki böyük məsuliyyət var idi. Doqquz dəqiqəlik filmdə "Sevgi haqqında” novellanın əsas qəhrəmanını açmaq asan deyildi, lakin portuqaliyalı rejissorla iş mənə böyük zövq, əlavə təkan, gənc aktrisa kimi başqa kinematoqrafiya məktəbilə tanış olmaq imkanı verdi. Müxtəlif ölkələrdən olan müxtəlif rejissorların bu layihədə iştirak etmələri çox vacib idi, xüsusilə onların gözəl şəhərimizə və sakinlərinə baxışı maraqlı idi. Bu layihə böyük uğur qazanacaq”.
Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Kinonovella "Mosfilm” kinokonsernində ərsəyə gəlib.
"Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılan qısametrajlı filmlərdən ("Aziya”, "Görüş”, "Rəssam”, "Həyət”, "Bəhram Gur”, "Xəzər Atlantidası”, "Lotereya bileti”, "Sevgi haqqında”, "Aysel”, "Təsadüf”) ibarətdir.
Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan).
Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.
Çəkiliş prosesinə 2011-ci ilin noyabrında start verilib, ilk çəkilişlər 2012-ci il martın 12-də başlanılıb. Çəkilişlər iki sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz və yay sessiyalarının hər birində beş film çəkilib. Kinoalmanaxın çəkiliş qrupu 138 nəfərdən ibarət olub. Kütləvi çəkiliş səhnələrini də nəzərə almaqla "Bakı, mən səni sevirəm” layihəsində 150-dən çox aktyor və aktrisa iştirak edib.
Ekran əsərlərində Azərbaycanın Xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, Əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar da rol alıb.
Ekran əsərlərinin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.