"Bakı Nəqliyyat Agentliyi 5-ci təkərdir, ləğv olunmalıdır" - Ekspertdən təhlil
Yanvar 21
14:53
2019
"Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA)”.
"Fəaliyyəti dövründə ictimai nəqliyyatın keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib. Belə görünür ki, BNA tıxac probleminin həllini parkinq yerlərinin sayının azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu yaxınlarda 100-dən çox parkinq yerinin bağlanması haqqında açıqlama verib. Parkiq yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur”.
Ekspert onu da qeyd edib ki, Bakı piyada üçün heç bir infrastrukturu olmayan nadir paytaxtlardan biridir:
"Misal üçün Bakıda əksər keçidlərdə piyadalar üçün işıqforlar ya nəzərdə tutulmayıb, ya işləmir, ya da mövcud tələblərə cavab vermir. Şəhərin lap mərkəzində səkilər yoxdur, ya da bağlanıb. BNA bu problemi həll etmək əvəzinə səki olan ərazilərdə dəmir dirəklər və məhəccərlər qurur. Bakı yollarında quraşdırılan yüksək bordürlər onsuz da avtomobillərin qapılarını, arxa və ya qabaq panellərini şikəst edib. Belə bir dirəkləri səkilər olmayan yerdə quraşdırmaq əvəzinə, hündür bordürlərlə təhciz olunmuş səkilərin üstündə quraşdırırlar.
Nobel, Babək və Heydər Əliyev kimi böyük prospektlərdə piyada keçidlərinin sayı qanunvericiliyin tələblərinə cavab vermir. Bu prospektləri hər gün keçən yüzlərlə insan öz həyatını risk altına qoyur.
BNA-nın yeganə gördüyü müsbət iş pandusların quraşdırılmasıdır. Amma məsələ burasındadır ki, yolları və səkiləri inşa edən icraçı elə pandusu da düzəltməlidir. Əks halda bizə gecikmiş panduslar çox baha başa gəlir. Ümumiyyətlə pandusların 20 ildən sonra yada düşməsinin özü maraqlıdır”.
Qlobal.az