Bakıda Beynəlxalq Konfrans başlayıb
Oktyabr 12
16:57
2015
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının akt zalında "Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” adlı VI beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Akademiyadan Trend-ə verilən məlumata görə, Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən gənc tədqiqatçılar üçün təşkil edilmiş, AMEA-nın 70 illiyinə həsr olunmuş 4 günlük tədbirə İngiltərə, Polşa, Macarıstan, Serbiya, Bolqarıstan və digərləri daxil olmaqla ümumən 18 ölkəni təmsil edən 150-dən çox alim, doktorant, magistr və tələbə qatılıb.
Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev açıb və iştirkaçılara uğurlar arzulayıb. Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev çıxış edib. O, indiyə qədər ərsəyə gətirilən 5 beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib, bu işlərdə fondla institutun birgə əməkdaşlığından danışıb.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov isə GGİ-nin gənc alim və mütəxəssisləri tərəfindən gənc tədqiqatçılar üçün keçirilən ənənəvi beynəlxalq tədbiri yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirib, akademiyanın həyatında önəmli rolunu diqqətə çatdırıb. Konfransın gənc tədqiqatçılara böyük töhfə verdiyini deyən gənc alim tədbirin təşkilində institutun Gənc Alim və Mütəxəssislər Şurasının əməyini xüsusilə vurğulayıb.
Daha sonra GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov konfransın iştirakçıları və proqramı haqqında ətraflı məlumat verib. Həmçinin qeyd edib ki, tədbir EİF, SOCAR-ın Elm Fondu, "BP Azərbaycan” və "Total Azərbaycan” şirkətlərinin dəstəyi ilə təşkil olunub.
Konfransın açılış mərasimi təşkilat komitəsinin sədri, AMEA-nın müxbir üzvi Əkpər Feyzullayevin sədrliyi ilə davam edib, plenar mövzuların müzakirəsi aparılıb. Tədbir oktyabrın 15-də yekunlaşacaq.