Bakıda ilk dəfə məktəb teatrla əməkdaşlığa başladı
Noyabr 05
09:50
2015
Bakıda orta məktəb şagirdlərini, müəllimləri, eyni zamanda valideynləri teatra cəlb etmək üçün yeni layihənin icrasına başlanacaq.
Bu məqsədlə noyabrın 6-da Bakıda ilk dəfə olaraq, Xəzər rayonunun 230 saylı orta məktəbi ilə Gənc Tamaşaçılar Teatrı arasında memorandum imzalanacaq.
Məktəbin direktoru Elşən Qafarov Trend-ə bildirib ki, təhsil naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq, memorandum şagirdlərin mütaliə vərdişlərinin yüksəldilməsinə xidmət edəcək. Memoranduma əsasən, teatr truppası dərsliklərdə adı qeyd edilən ədiblərin səhnələşdirilmiş əsərlərini təqdim edəcək. Artıq həmin əsərlərin bir neçəsi teatr tərəfindən səhnələşdirilib.
E.Qafarov deyib ki, truppa teatrları ibtidai sinif şagirdlərinə məktəb binasında göstərəcək. Yuxarı sinif şagirdlərinin və müəllimlərin teatra aparılması üçün isə Gənc Tamaşaçılar Teatrı tərəfindən xüsusi avtobus ayrılacaq.