SON XƏBƏR

Bakıda keçiriləcək növbəti Formula 1 yarışı üçün marşalların qeydiyyatı prosesinə start verilib

Noyabr 01
18:19 2017
27-29 aprel 2018-ci il tarixlərində Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün marşalların qeydiyyatı prosesinə başlanılıb. Proses marşallıq fəaliyyətinə dair bütün vakant yerlər dolanadək davam edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələn ilki yarışa 1150 marşal cəlb etmək niyyətindədir. İndiyədək Bakıda keçirilmiş Formula 1 yarışlarında yüksək peşəkarlıqla iştirak edən 1704 marşala beynəlxalq dərəcəli marşallıq lisenziyası verilib. Lisenziyaya sahib hər bir marşal Azərbaycan Qran Prisi ilə yanaşı Formula 1 Dünya Çempionatında yer alan digər istənilən ölkədə keçirilən Qran Pri yarışlarında iştirak üçün müraciət edə bilər.

BŞH-nin İdman şöbəsinin və həmçinin BMK-nin rəhbəri Çingiz Mehdiyev ölkədə marşallıq fəaliyyətinə maraq sürətlə artdığından növbəti yarışa yeni müraciətlər qəbul edəcəyini bildirib: "Son illər Azərbaycanda marşallıq fəaliyyəti böyük templə inkişaf edir. Bunu Bakıda baş tutmuş Formula 1 yarışlarında marşal olmaq istəyənlər tərəfindən edilən çox saylı müraciətlərdə görmək mümkündür.
Hər ötən il bu könüllü fəaliyyətə maraq getdikcə artır. Bu səbəbdən artan tələbatı ödəyə bilmək üçün bu il marşallıq fəaliyyəti üzrə yeni 350 vakansiya açmışıq. Bizə qoşulmaq istəyən hər bir enerji dolu Formula 1 həvəskarını gecikmədən Marşal Proqramına Müraciət Sistemi vasitəsilə qeydiyyatdan keçməyə dəvət edirəm”.

2018 Formula 1 Azərbaycan Qran Prisinin marşalı olmaq istəyən 21 yaşdan yuxarı hər bir şəxs www.bakumarshalsclub.az saytına daxil olaraq öz müraciətini edə bilər.
Qeyd edək ki, marşallıq fəaliyyətinə qəbul və təlim prosesinin bütün mərhələlərindən uğurla keçən namizədlər Azərbaycan Avtomobil Federasiyası tərəfindən veriləcək beynəlxalq dərəcəli marşal lisenziyası ilə təmin olunacaqlar.

Bu lisenziyanı əldə edən hər bir marşal trekə ən yaxın mövqedən yarışı canlı izləyə biləcək və həmçinin yarış ərəfəsində keçiriləcək müxtəlif tədbirlərdə iştirak etməklə yanaşı digər ölkələrdə keçirilən Qran Pri yarışlarında yer almaqla Formula 1 dünyasını yaxından kəşf etmək imkanına sahib olacaq.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook