SON XƏBƏR

Bakıda keçirilən boks üzrə dünya təsnifat turnirinin rəsmi açılışı olub

İyun 16
23:29 2016
İyunun 16-da Bakıda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turnirinin rəsmi açılış mərasimi keçirilib.
 
AZƏRTAC xəbər verir ki, "Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən mərasimdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.
 
Mərasim əfsanəvi boksçu Məhəmməd Əlinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
 
Sonra iştirakçı ölkələrin bayraqları arenaya gətirilib və Azərbaycanın dövlət himni səsləndirilib.
 
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkəmizdə idmanın, o cümlədən boksun sürətli inkişafından, əldə olunan uğurlardan danışıb. Ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmana, gənc nəslin sağlamlığına ciddi fikir verdiyini qeyd edən nazir məhz bu diqqətin sayəsində Azərbaycanda idmanın sürətlə inkişaf etməkdə olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda bu siyasət ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
Son illər Azərbaycan idmanının sürətli inkişafının boksda da hiss olunduğunu diqqətə çatdıran K.Heydərov ən müasir təlim-məşq bazalarının istifadəyə verilməsinin, idmançılarımızın, o cümlədən boksçularımızın beynəlxalq arenalarda qazandıqları uğurların bunun göstəricisi olduğunu deyib. Azərbaycan boksunun zəngin tarixə malik olduğunu qeyd edən Federasiya prezidenti bu irsə sahib çıxan boksçularımızın yüksək nəticələr qazandıqlarını bildirib. Qeyd edib ki, məhz buna görə boks Azərbaycanda ən çox sevilən idman növlərindən birinə çevrilib.
 
Azərbaycanın artıq dünyada mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi tanındığını deyən K.Heydərov Bakıda mötəbər turnirlərin keçirilməsinin artıq xoş ənənəyə çevrildiyini vurğulayıb. Bildirib ki, ötən il birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən Bakı bu turnirə uğurla ev sahibliyi edəcək. Belə bir mötəbər yarışın təşkilini Azərbaycana həvalə etdiyi üçün AİBA rəhbərliyinə təşəkkürünü bildirən K.Heydərov belə turnirlərin Azərbaycanda boksun inkişafında önəmini vurğulayıb.
 
Bu turnirin "Rio-2016”dan əvvəl sonuncu böyük turnir olduğunu vurğulayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yarış iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini qeyd edən nazir son illər respublikamızda idmanın sürətli inkişafında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə dəstəyini və diqqətini xüsusi vurğulayıb.
 
AİBA-nın prezidenti Çinq Ko Vu bu turnirin Bakida keçirilməsindən məmnunluğunu ifadə edərək Azərbaycanın artıq mötəbər idman tədbirlərinin təşkilində zəngin təcrübə və böyük uğurlar qazandığını deyib. Yarışın maraqlı idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini qeyd edən AİBA prezidenti iştirakçılara uğurlar arzulayıb.
 
Çıxışlardan sonra hakimlər və idmançılar yarışın qaydalarına əməl olunmasına dair and içiblər.
 
Olimpiadaya lisenziya qazandıran turnirdə 105 ölkədən 469 kişi idmançı mübarizəyə qoşulub. Azərbaycanı turnirdə təmsil edən Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) Olimpiadaya lisenziya qazanmağa çalışacaqlar. Bunun üçün R.Hüseynov finala yüksəlməli, K.Şahsuvarlı və T.Məmmədov isə ilk beşliyə düşməyi bacarmalıdır.
 
Boksçularımızın hər üçü lisenziya qazana bilsə, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada tam heyətlə - 10 idmançı ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki dünya çempionatında və bu il Avropa təsnifat turnirində əldə edilib. Azərbaycan boksçularından Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) "Rio-2016”ya lisenziya qazanıblar. Qadınlardan isə yeganə lisenziyanı ölkəmizə Yana Alekseyeva (60 kq) qazandırıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook