Bakıda narazılıq: Yüzlərlə insan nazirliyin qarşısına toplaşdı- video
Oktyabr 30
04:27
2015
Bakıda "Azərinşaatservis" MMC-nin işçiləri Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.
Musavat.com-un məlumatına görə, 5 aydır ki, maaş ala bilməyən işçilər evə qayətmaq üçün pul ala bilmədiklərini deyiblər.
Hazırda narazı işçilərdən iki nəfəri nazirliyin qəbul otağına dəvət edilib. Onların şikayətləri dinlənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işçilərə bildirilib ki, onları gələn həftənin ikinci günü - noyabrın 3-də nazir Səlim Müslümov qəbul edəcək.
Bu barədə nazirlikdən narazı işçilərə noyabrın 2-də məlumat veriləcək və onlar nazirlə görüşə çağırılacaqlar.
Ancaq 5 aydır ki, maaş ala bilməyən işçilər bu vədlə razılaşmayıblar. Və onlar Prezident Administrasiyasına doğru hərəkət etməyə çalışırlar.
Əraziyə göndərilən polis əməkdaşları narazı fəhlələrin ümuni kolon şəklində hərəkət etmələrinə icazə vermirlər.
Son məlumatlara görə, Prezident Administrasiyasına doğru irəliləyən narazı fəhlələrin qarşısı Yasama Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kəsilib.
Onlardan 3 nəfəri PPX maşını ilə Polis İdarəsinə aparılıblar. Polis İdarəsinə götürülən 3 nəfərin idarə rəisinin qəbuluna aparıldığı və onların problemlərinin dinləniləcəyi bildirilib.
Polis əməkdaşları digər aksiyaçıların dağılmasını tələb ediblər və heç kimə aksiya üçün icazə verilməyəcəyini bildiriblər.
Zərgərpalan küçəsində toplaşan fəhlələrin "Azərinşaat"ın binası qarşısına aparılması üçün polis əməkdaşları tərəfindən avtobus gətirilib.