Bakıda Şimali Kiprə həsr olunmuş rəsm sərgisi açılıb
Noyabr 19
16:02
2016
Bakı Xətai Sənət Mərkəzində "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin, Şimali Kiprin Bakı nümayəndəliyinin və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə "Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şimali Kiprin ölkəmizdəki nümayəndəsi xanım Ufuk Turganer çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bakıda Şimali Kipr Respublikasının yaradılmasının 33-cü ildönümü münasibətilə təşkil olunmuş sərgini olduqca yüksək qiymətləndirib.
Bildirilib ki, Azərbaycan uşaqlarının gözü ilə Şimali Kipri görmək çox təsirli olmaqla yanaşı, həm də qürurvericidir.
Daha sonra sərgidə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclisin deputatı Qənirə Paşayeva, "Türkiyə universitetləri məzunları” İctimai Birliyinin sədri
Çingiz Bayramov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək belə tədbirlərin təşkilini yüksək qiymətləndirərək balaca fırça ustalarına təşəkkürlərini bildiriblər.
Qeyd edilib ki, sərginin təşkil olunması balaca fırça ustalarının Şimali Kipr türklərinin adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi və geyim mədəniyyətlərini fırça vasitəsilə canlandırmaq məqsədi daşıyır.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sonda 100-dən çox balaca fırça ustasına müxtəlif xatirə hədiyyəsi və diplomlar təqdim edilib.