SON XƏBƏR

Bakıda tikilən başı bəlalı bina

May 22
00:11 2016
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı "Aspirantlar yataqxanası”nda yaşayan sakinlər artıq gözləməkdən yorulub. Yataqxananın yanında tikilən yeni binalara köçürüləcəkləri deyilsə də, hələ ki bu məsələ ilə bağlı heç bir dəqiq məlumat verilmir.
 
Qeyd edək ki, 2013-cü ildən başlayaraq yeni binaya köçürüləcək alimlərin siyahıya alınması ilə bağlı qalmaqal yaşanırdı. Daha sonra ailmlərə verilməli olan mənzillərin satışa çıxarılması ilə bağlı xəbər yayıldı. İndi isə yaranan qalmaqal "Evrostroy-S" MMC-nin fəaliyyəti ilə bağlıdır. Tikintini həyata keçirən şirkətin vergi borcu olduğundan inşası davam etdirilən binanın bir hissəsi hərraca çıxarılıb. Vergilər Nazirliyi tərəfindən şirkətin borcu dəyərində əmlakı siyahıya alınaraq müvafiq protokol tərtib edilib. Hərrac mayın 27-də keçiriləcək.
 
Alimlərin 3 il əvvəlki etirazı…
 
Hazırda "Aspirantlar yataqxanası”nda 118 ailə yaşayır. 2013-cü ilin sentyabrında yataqxana sakinləri bir neçə dəfə aksiya keçiriblər. Səbəb yataqxana sakinləri üçün nəzərdə tutulan binada onların qeydiyyata alınmaması idi.
 
Qeydiyyat məsələsi ilə bağlı problem həll edilməmiş, növbəti hərrac problemi ortaya çıxıb. Sakinlərin musavat.com-un yataqxanaya baş çəkən əməkdaşına verdiyi məlumata görə, siyahıya alınma ilə bağlı 3 ildir ki, "gözləyin” cavabı verilir. Binanı inşa edən şirkətə və AMEA-ya edilən müraciətlərə də eyni cavab verilir.
 
Sakinlərin də gözləməkdən başqa çarəsi qalmayıb. Hazırda 100-dən çox ailənin yaşadığı bina qəzalı vəziyyətdədir. Sakinlərin vəziyyətinin acınacaqlı olması və qarşılaşdıqları problemlərlə bağlı musavat.com-da bir neçə dəfə geniş yazılar dərc edilib.
 
Ötən illər ərzində qəzalı vəziyyətdə olan binada yaşayış daha da çətinləşib. Qeyd edək ki, hazırda tikintisi davam edən yeni bina ilə bağlı işlər AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun təşəbbüsü ilə başlanıb. Sakinlər 2011-ci ilin əvvəlində evlə təmin olunmaları və yataqxananın özəlləşdirilməsi üçün M.Kərimova müraciət etmişdilər.
 
AMEA-nın mərhum prezidenti onların şikayətlərinə baxaraq öz imzası ilə prezident İlham Əliyevə müraciət edib. O zaman yataqxananın özəlləşdirilməsinin qanunla qadağan olunduğu deyilsə də onların mənzillə təmin olunacaqları bildirilib. Bundan sonra alimlərin yaşadığı binanın yanında AMEA-ya məxsus 1 hektar 30 sot torpaq sahəsi "Evrostroy-S” MMC şirkətinə verilib. Razılaşmaya əsasən həmin ərazidə MMC tərəfindən yaşayış binaları tikiləcək və həmin binaların birində yataqxanada yaşayan alimlərə mənzillər veriləcək. Mahmud Kərimovun vəfatından sonra 2013-cü ildə Akif Əlizadə AMEA-ya prezident təyin olundu. Yataqxana sakinlərinin də narazılığı bundan sonra başladı.
 
Sakinlər iddia edirdilər ki, yataqxanada yaşayan bəzi ailələr siyahıdan çıxarılıb və onlara yeni tikilən binada mənzillər verilməyəcək. Alimlərin ev məsələsi hələ də həll edilməmiş qalır. Alimlərin illərdir davam edən ev probleminin nə zaman həll ediləcəyini öyrənmək üçün AMEA ilə əlaqə saxladıq. AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev musavat.com-a bildirdi ki, binanın hərraca çıxarılması barədə məlumat yalandır: ""Evrostroy-S” MMC-dən bildirildi ki, bina hərraca çıxarılmayıb. Bu məlumatı dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxladıq”.
 
S.Əliyev binanın inşası ilə bağölı işlərin ləng getdiyindən köçürülmənin nə zaman olacağı haqda dəqiq məlumata malik olmadıqlarını dedi. (Musavat.com)
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook