SON XƏBƏR

Bakıda üç gün davam edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu uğurla başa çatıb

Aprel 28
00:15 2016
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna aprelin 27-də yekun vurulub.
 
AZƏRTAC xəbər verir ki, yekun mərasimi bəşəriyyətin minilliklər ərzində keçdiyi tarixi inkişaf yolundan bəhs edən videofilmin təqdimatı ilə başlanıb. Bu videofilmdə Yer üzündə yüz minlərlə insanın həyatına son qoyan müharibələr, hələ də davam edən qırğınlar, məcburi miqrasiya problemləri ilə yanaşı, əlamətdar hadisələr, sülhə çağırış, birgəyaşama, insana və insanlığa sevgi dolu şüarlar öz əksini tapıb.
 
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib ki, Forum işini uğurla yekunlaşdırıb. Azərbaycan hökuməti ilə apardığımız əməkdaşlıqdan qürur duyuram. Gözəl təşkilatçılığa görə Azərbaycana, Alyansın həmtəsisçiləri İspaniya və Türkiyəyə təşəkkür edirəm.
 
Nasir Əbdüləziz Əl-Nasir deyib ki, BMT-nin Sivilizasiyalar Alyansı inklüziv cəmiyyətdə birgəyaşayışı məqsəd kimi qarşıya qoyub. Forum çərçivəsində yaxşı təcrübəni bölüşmək üçün platforma, inklüziv cəmiyyətdə birgəyaşama müzakirə olundu. "Biz burada mövcud tərəfdaşları müəyyən etdik. Burada müxtəlif tələblər var idi. Hökumətlər, icmalar, dini liderlər öz fikirlərini bölüşüblər. Bu gün biz 2030-cu ilə qədər inklüziv cəmiyyətlərdə birgəyaşayış problemlərini müzakirə etdik. İnklüziv cəmiyyət sülhün təminatıdır. O, həmçinin məşğulluğa təminat verir, qeyri-bərabərliyi, təcridolunmanı aradan qaldırır. Biz zorakı ekstremizmə qarşı mübarizənin müxtəlif üsulları barədə müzakirələr apardıq”, - deyə ali nümayəndə vurğulayıb.
 
Nasir Əbdüləziz Əl-Nasir deyib: "Biz Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışını dinlədik. Onun rəhbərlik etdiyi Fondun fəaliyyəti ilə tanış olduq. Məlum oldu ki, onlar da sosial inklüzivlik sahəsində çalışırlar”. Gənclər, media və təhsil bizim proqrama daxil olan sənədlərdə əks olunub. Bütün bunlar zorakı ekstremizmə qarşı mübarizədə mühüm rol oynaya bilər. İnklüzivliyi bundan sonra da təşviq etməliyik.
 
Ali nümayəndə deyib ki, Forum çərçivəsində təşkil olunan plenar və bölmə iclaslarında sosial şəbəkələr, media vasitəsilə təhsildə olan boşluqların aradan qaldırılmasından danışdıq. Zorakılıq və terrorizmin aradan qaldırılması barədə söhbətlər apardıq. Bu gün Avropada baş verən miqrasiya böhranı, həmçinin mətbuatdan da müəyyən öhdəlik tələb edir. Sosial təcridolunma halları bu boşluqların olması səbəbindən yaranır. Ekstremizm, terrorizm təhsilə zərbədir. Bu halda insan haqları pozulur, insanların istək və arzuları məhv olur. Sülh və təhlükəsizlik olmadan cəmiyyətlər də lazımi şəkildə inkişaf edə bilməz.
 
Forumda gənclərin rolundan danışan ali nümayəndə deyib: "Biz gənclərin təşəbbüslərini dəstəkləməliyik. Məhz bu bizdən bir çox prosesləri həyata keçirməyi tələb edir. Hesab edirəm ki, biz gələcəyə ümidlə baxa bilərik. Forum çərçivəsində, həmçinin gördük ki, gənclərin inkişafı inklüziv cəmiyyətlərdə daha böyük sürətlə baş verə bilər”.
 


Alyans rəsmisi Məşvərət Şurasının işinin başlamasını rəsmən elan edib. O bildirib ki, Şura siyasi, dini, vətəndaş cəmiyyəti və akademik sahənin ali nümayəndələrindən ibarət olacaq və Alyans üçün tövsiyələrlə çıxış edəcək.
 
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi vurğulayıb ki, idmanla da insanları bir araya gətirə bilərik. İdman mühüm bir sosial inklüzivlik ahəngdarlığıdır. Sentyabr ayında Qırğızıstanda keçiriləcək köçəri oyunlarını dəstəkləyirəm. Noyabr ayında mədəni özünəməxsusluğa həsr edilən konfrans keçiriləcək. Daha sonra beynəlxalq idman təhlükəsizlik mərkəzi ilə razılaşma memorandumu imzalayacağıq. Sivilizasiyalar Alyansı olaraq bir sıra təşkilatlarla əməkdaşlıq üçün razılığa gəldik. Təqaüd proqramları layihəsinin həyata keçirilməsi təşəbbüsünü də irəli sürdük.
 
Qonaq deyib ki, sülh və davamlı inkişafa birgə çalışmaqla, debatlar aparmaqla nail olmaq olar. "Biz qeyri-adi dəyişikliklərin baş verdiyi dünyada yaşayırıq. Bu dəyişikliklər bizim həyat tərzimizi müəyyənləşdirir. Həmçinin özümüz də bu dəyişiklikliyə uyğunlaşmalıyıq”, - deyə BMT rəsmisi vurğulayıb.
 
Nasir Əbdüləziz Əl-Nasir deyib ki, bütün bu uğurlarla yanaşı, VII Qlobal Forumda qəbul edilən Bakı Bəyannaməsi tədbirin çox önəmli hadisəsidir.
 
O, çıxışının sonunda Azərbaycan hökumətinə Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
 
Mədəniyyət və turizm naziri, Forumun Təşkilat Komitəsinin rəhbəri Əbülfəs QarayevAzərbaycan adından BMT-nin Sivilizasiyalar Alyansına Forumun Bakıda keçirilməsinə dair qərarına görə təşəkkür edib. Bu qərar Azərbaycanda tolerantlıq, birgəyaşama dəyərlərinə olan münasibətin təzahürüdür.
 
Forumun nəticələrindən danışan nazir bildirib ki, tədbirin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin, İspaniyanın xarici işlər nazirinin çıxışlarında sülhün müdafiəsi, qlobal təhlükəsizlik üçün inklüziv cəmiyyətin inkişafının vacibliyi vurğulanıb.
 
Forumda dünyanı sülhə və dialoqa çağıran Bakı Bəyannaməsi qəbul edilib. Bu siyasi sənəd ölkəmizin gələcəkdə bir sıra mühüm layihələri reallaşdırmasına təkan verəcək.
 
Əbülfəs Qarayev deyib ki, Forumda 147 xarici ölkədən 1500-dən çox qonaq iştirak edib. Ümumi qeydiyyatdan keçənlərin sayı 4300-dən çox olub. Könüllüləri də daxil etsək, Forumun işində 6 mindən çox insan iştirak edib. Forumda 120-dən çox yüksək səviyyəli hökumət və beynəlxalq qurum rəsmisi təmsil olunub.
Bildirilib ki, Forum çərçivəsində 3 gün ərzində ümumilikdə 41 tədbir keçirilib. Təşkilat Komitəsi Forumla bağlı 86 mədəni tədbir təşkil edib.
Nazir qeyd edib ki, Forumun plenar və bölmə iclaslarında 168 natiqin çıxışı dinlənilib. Alyansın Dostları Qrupunun yüksək səviyyəli iclasında isə 70-dən çox rəsmi nümayəndə çıxış edib.
 


Forumun işinin yerli və xarici media qurumları tərəfindən yüksək səviyyədə işıqlandırılmasına görə Ə.Qarayev mətbuat işçilərinə minnətdarlığını bildirib.
Nazir deyib ki, "Bakı Prosesi” artıq qlobal status alıb və bu istiqamətdə işlər davam etdiriləcək. Azərbaycan 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumuna ev sahibliyi edəcək.
 
Sonda nazir tədbirin yüksək səviyyədə təşkilində iştirak edən bütün təşkilatlara minnətdarlığını bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook