SON XƏBƏR

Bakıda yeni təmir olunan yol çökdü - FOTO

Sentyabr 04
11:23 2019
Sentyabrın 3-də Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsinin bir hissəsi çöküb.

Qəza barədə Turan İA xəbər verib.

Xəbərdə deyilir ki, hadisə  yolun altından keçən və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus kanalizasiya kollektorunda qəzanın baş verməsidir: 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki: "Nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılma və çökmə qeydə alınıb."

"Azərsu"  ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da kollektorda qəza baş verməsini təsdiq edib. 

O, isə qeyd edib ki, oradakı xətlər Sovet dövründən qalıb və köhnəlib: "Həmin xətlərin 50 metri dəyişdiriləcək. Təmir-bərpa işlər aparılır."

2019-cu ilin martın 14-də Biləcəri qəsəbəsi Ordubadi və Xurşudbanu Natavan küçələrində yenidənqurma işlərinə start verildiyi açıqlanmışdı. AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilmişdi ki, ümumi uzunluğu 5.2 kilometr, eni isə ortalama 16 metr olan Ordubadi və Xurşudbanu Natavan küçələrində yenidənqurma, bərpa işlər aparılır. Verilən məlumata görə, bu işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Məlumatda yola iki qat asfalt-beton örtüyünün döşəndiyi bildirilirdi. Qurum həmçinin qeyd edirdi ki, aparılan yenidənqurma zamanı mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılacaq.

Həmin işlərə ayrılmış vəsait barədə isə məlumat verilməyib.

Son illər Azərbaycanda yeni inşa edilən yollarda çökmələrlə bağlı tez-tez məlumatlara rast gəlinir. Müstəqil ekspertlər bunu həm işlərin tələsik görülməsi, həm də korrupsiya amili ilə izah edirlər. Rəsmilər isə korrupsiya ilə bağlı deyilənləri qəbul etmirlər.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook