“Bakıdan qayıdanda çantama kürü bankası qoydular” - Pyer Rişar
Fevral 04
09:07
2016
"Bakıdan söz düşəndə həmişə xatirəmdə orada tanış olduğum səmimi insanlar canlanır.
Bakıda özümü çox yaxşı hiss edirəm”.
APA-nın xəbərinə görə bunu bu gün TASS agentliyində keçirdiyi mətbuat konfransında dünya şöhrətli fransız aktyoru Pyer Rişar deyib.
Dünyaca tanınmış aktyor, milyonların sevimlisi, komik rolların usta ifaçısı Bakıdan Fransaya, evinə kürü gətirdiyini xatırlayıb: "Fransada kürü çox bahalı nemətdir. Yadımdadır, 20 il əvvəl Bakıdan qayıdanda dostlarım çantama qara kürü ilə dolu banka qoymuşdular. Həyat yoldaşımla o kürünü məmnuniyyətlə yedik”.
Pyer Rişar həm də böyük qurman olduğunu söyləyib,
Moskvaya gələn kimi "borş” sifariş verdiyini bildirib. KİV nümayəndələrinin suallarını cavablandıran aktyor çəkildiyi filmlər arasında ən çox "Oyuncaq” filmini sevdiyini söyləyib. P. Rişar siyasətlə maraqlanmadığını da qeyd edib.
Rusiyaya gəlməsi ilə bağlı Fransada hər hansı problemlə üzləşmədiyini və rəsmilər tərəfindən ona heç bir təzyiq göstərilmədiyini vurğulayıb: "Mən sadəcə aktyoram, mənim işim rol oynamaqdır”.
Qeyd edək ki, Fransanın kino ulduzu Moskvada öz həyatından bəhs edən "III Pyer Riçard” monotamaşasını nümayiş etdirmək üçün gəlib.
Fevralın 4-7-də Moskvanın "Kosmos” konsert zalında təqdim edilən tamaşa daha sonra Sankt-Peterburq və Voronejdə nümayiş olunacaq.
Qlobal.az