SON XƏBƏR

Bakının icarə bazarına çıxarılan ofislərin sayı kəskin artıb - BÖHRAN

May 10
11:12 2017
Bu ilin aprel ayında Bakı şəhərinin icarə bazarına təklif olunan ofislərin sayı mart ayı ilə müqayisədə 35% artaraq 37 900 kv. metr təşkil edib.
 
"Report" "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinə istinadən xəbər verir ki, artımın 3 820 kv.m-i icarə bazarına yeni daxil olunan ofislər, 1 062 kv.m-i isə yeni təmirdən çıxmış ofislərin sahəsi hesabına formalaşıb.
 
"İcarə bazarına təklif olunan ofislərin 61%-ni orta sahəli ofislər təşkil edib. Bu artım bir sıra bankların bağlanması, bir sıra sahələrin fəaliyyətini dayandırması, həmçinin, icarəçilərin öz xərclərini optimallaşdırmaq üçün son dövrlər ortahəcmli ofislərdən kiçik sahəli ofislərə köçməsi ilə izah oluna bilər", - deyə Birlikdən bildirilib.
 
Ofislərin icarəsi ilə bağlı ən çox təklif Nəsimi (30%) rayonunda, ən az təklif isə Binəqədi (5%) və Nizami (3%) rayonlarında qeydə alınıb. Qaradağ, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı rayonlarında isə işgüzar infrastruktur zəif olduğu üçün təklif olmayıb.
 
İcarə bazarına təklif olunan ofislərin 62%-i əsasən biznes mərkəzləri və "Plaza"larda, 38%-i isə yaşayış binalarında yerləşir. Ofislərin orta aylıq icarə haqqı biznes mərkəzləri və "Plaza"larda 20 manat/kv.m, yaşayış binalarında isə 10,3 manat/kv.m təşkil edir.
 
Ofislərin icarə qiyməti yerləşdiyi məntəqədən, təmirlikdən, təchizatdan və ümumi icarəyə verilən sahənin kiçik və böyük olmasından asılıdır. Ofislərin 56%-i icarəyə əşyalı təklif olunur.
 
Məlumat üçün qeyd edək ki, Bakıda icarəyə təklif olunan ən bahalı ofis "İçəri şəhər"də yerləşir. Belə ki, ümumi sahəsi 600 kv.m olan 10 otaqlı əla təmirli və tam əşyalı ofis aylıq 11 min manata təklif olunub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook