SON XƏBƏR

Bakının qurtuluşunun 101-ci ili: Memarına heykəl qoulacaqmı?

Sentyabr 14
10:55 2019
Sabah - sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 101-ci ili tamam  olur. 1918-ci ilin həmin günündə türk komandanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu paytaxtımızı erməni-bolşevik birləşmələrindən azad ediblər.

Bu tarixi günlə əlaqədar hər il olduğu kimi, bu il də N.Paşa ilə bağlı bir məsələ - onun adının əbədiləşdirməsi məsələsi aktuallaşıb. Dəfələrlə N.Paşa ilə bağlı parlamentdə çıxışlar edən, təkliflər irəli sürən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa biganəlikdən gileyləndi: "Bu məsələdə bir laqeydlik var. İnsanlar bu cür hadisələri unutmamalıdırlar. Çünki indiki dövrdə elə bir durum var ki, cəmiyyət həyatında Nuru Paşanın rolunun anlaşılması Azərbaycanın Qarabağ müharibəsində mübarizəsi üçün də çox önəmlidir. Bu mübarizədə hətta Nuru Paşa obrazı bir simvol kimi ortaya çıxa bilər. Çünki məhz onun səyi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olub. Bakının azad olunması ilə biz dövlət qura bilmişik.

Onunla bağlı bir zehniyyət fərqi açıq görünür. Hərbi parad da keçirildi, heç bir maneə olmadı. Eyni zamanda, bu məsələ ilə bağlı Türkiyədən də təkliflər var. Amma hesab etmirəm ki, bu məsələdə Türkiyə tərəfindən israrçılıq müşahidə olunur. Çünki bəzən o tərəfdən də yanaşmalar arzuolunan səviyyədə olmur. Bu məsələyə Türkiyə də böyük önəm verməlidir. Təəssüflər olsun ki, bunlar da yoxdur. Demək istədiyim odur ki, bir sıra faktorlar var ki, biz bunu hələ gündəmimizdə lazımı səviyyədə qiymətləndirəcək duruma gəlməmişik”.

Deputat hesab edir ki, bu məsələnin hələ də həll olunmaması 15 sentyabr tarixinə bir qədər kölgə salır: "Onu da deyək ki, xalqımızın özünün də bu məsələdə laqeydliyi var. Xalqımızda belədir, olub-keçəndən sonra ağlayırıq, sızlayırıq, mərsiyə edirik. Elə bilirlər ki, göydən-havadan bir mələk gəldi, Azərbaycanı xilas etdi, bununla hər şey bitdi. Lakin bu, belə deyil axı. Burada tamam başqa bir yanaşma var. Ona görə də bunu belə formada xalqın özünün də qeyd etməməsi, xüsusi bir dəyər verməməsi müşahidə olunur. Bizim unutqanlığımızın ən bariz nümunəsi məhz Nuru Paşa məsələsinə olan münasibətdir. Burada heykəl önəmli deyil. Heykəl olar da, olmaz da. Əsas söhbət sayğıdan gedir ki, bunu görmürük. Əgər ona dəyər vermək anlayışı cəmiyyətdə yoxdursa, dövləti, ayrı-ayrı siyasi baxışları bir tərəfə buraxın. Kimin evində Nuru Paşanın fotosu, yaxud xalçası asılıb? Kim ona xilaskar kimi baxır? Böyük çoxluqda bu anlayış yoxdur axı. Hələ bir özünü tanımaz da deyir ki, pul dalınca gəlmişdilər, dedi ki, qızıl almayınca Bakını işğaldan azad etməyəcəm. Bunların hamısı bizik də”.

Fərəc Quliyev hesab edir ki, bu məqsədli bir siyasət deyil: "Belə məqamlara göründüyü kimi, cəmiyyətdə həssaslıq azalıb. Tariximizə sahib çıxmağı bacarmamışıq. O məqamlarda ki, bizə dəstək veriblər, gəlib burada şəhid olublar, onları unutmaq olmaz. Başımız üzərində hər birini uca tutmağı bacarmalıyıq. Bu barədə dəfələrlə təkliflər qaldırılıb, Nuru Paşa və onun silahdaşlarının xatirələrini əbədiləşdirməklə bağlı. Amma hesab edirəm ki, bunu bir az səhlənkarlıq kimi qiymətləndirmək olar. Bu düşünülmüş bir siyasət deyil ki, onlar kənara qoyulsun. Nuru Paşa və onun silahdaşları layiq olduğu formada xatirələrdə yaşadılmır. Abidələrin qoyulması, adlarının müəyyən yerlərə verilməsi, başqa tədbirlərin görülməsi, ildönümlərində anım mərasimlərinin daha təntənəli keçirilməsi təqdirəlayiq hadisə olar. Qardaş ölkədən və digər yerlərdən bizə dəstək verən adamlar zaman-zaman olub. Birinci Qarabağ savaşı vaxtı Qazaxıstanda vaxtı ilə bizim sürgün olunmuş, qovulmuş insanlarımız yaşayırdı. Müharibə başlayanda Yəhya Əliyevin başçılığı ilə bir qrup adam bura döyüşməyə gəldi. Onların arasında şəhid olanlar, yaralananlar oldu. Bu adamlara da diqqət etmək lazımdır. Yaxın və keçmişdə özlərini qardaş bilib bizə dəstək olan, uğurumuzda canlarını verənlərə xüsusi diqqət ayırmalıdır”.

Deputat indiyə qədər parlamentdə Nuru Paşa ilə bağlı məsələ qaldıran şəxslərdən da söz açdı: "Xatırlayıram ki, Fazil Mustafa Nuru Paşanın abidəsinin qoyulması ilə bağlı çıxış etmişdi. Başqa deputatlardan da bu məsələyə toxunanlar olub. Bu məsələyə mən də hər zaman müsbət yanaşmışam. Tahir Kərimlinin bu məsələ ilə bağlı çıxışını xatırlayıram. Deyəsən Əli Məsimli də o haqda danışmışdı. Gövhər xanım da toxunmuşdu. Hesab edirəm ki, bu şəkildə ictimailəşdirsəniz, məsələ həll oluna bilər. Çünki burada xüsusi bir qərəzli məqamlar yoxdur”.

Mənbə: Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook