SON XƏBƏR

Bank problemi bitmək bilmir: Bölgələr ac saxlanılır, idxal stimullaşdırılır

Noyabr 05
12:04 2019
Əhali borc olaraq götürdüyü vəsaitləri avtomobillər, mobil telefonlar, mebel, elektrik cihazları və sair gündəlik tələbat mallarının alınmasına xərcləyir

Bank sektoru iş adamlarının öz bizneslərini inkişaf etdirmələri üçün borc vəsaitləri vermək əvəzinə, əhaliyə istehlak krediti verməyə üstünlük verir, bununla da malların idxalını və inflyasiya gözləntilərini stimullaşdırır.

Oktyabrın 25-dən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib. Bu tədbirlər fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz dərəcələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 820 manat təşkil edib. Orta aylıq əməkhaqqı 820 manat olan paytaxt sakinləri üçün borc götürülmüş kreditlər üzrə faiz dərəcələri optimal məqbul vəziyyətə çatıb və demək olar ki, ölkənin regionlarından təxminən 40% çoxdur.

Nəticə etibarilə, bankirlərin kreditlərin 80% -ni paytaxtda qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərə istiqamətləndirməsi təəccüblü deyil.

Daha çox narahatlıq doğuran məsələ götürülmüş borcların 40%-nin istehlak kreditlərinə yönəldilməsidir. Yəni əhali borc olaraq götürdüyü vəsaitləri avtomobillər, mobil telefonlar, mebel, elektrik cihazları və sair gündəlik tələbat mallarının alınmasına xərcləyir.

Azərbaycanda göstərilən bütün mal çeşidləri əsasən idxal olunur və bu da ölkədə inflyasiya gözləntilərini artıra bilər.

Rəsmi statistikaya görə, bu ilin sentyabr ayına olan inflyasiya səviyyəsi 2,5% təşkil edib ki, bu da Mərkəzi Bankın hədəf göstəricisindən 4% aşağıdır.

Bununla bərabər, ölkədə inflyasiya, əhalinin rifah halının yüksəlməsi üçün sosial xarakterli fiskal stimullaşdırma şəraitində daha sürətli templərlə gedə bilər. Maaşların və pensiyaların artması istehlakın artmasına səbəb olan pul kütləsinin çoxalmasına gətirib çıxaracaq. Bu isə ərzağın qiymətlərinin dünya səviyyəsində artımına və inflyasiyaya təkan verəcək.

Əhali üçün nəzərdə tutulmuş istehlak kreditlərinə ayrılan bank-maliyyə vəsaitlərinin iş adamlarına yönəldilməsi daha məqsədəuyğundur. Əks təqdirdə, əldə olan pul kütləsi ilə bazarda olan əmtəənin uyğunsuzluğu məhsul idxalının artımına gətirib çıxaracaq ki, bu da inflyasiyanın yüksəlməsinə səbəb olacaq.

Defisitin idxalın kəskin artırılması hesabına qapadılması cəhdləri valyuta sızmasına, eyni zamanda milli valyutanın - manatın məzənnəsinin sabitləşməsinə səbəb ola bilər.

Bankirlərin iş adamları ilə dialoqunu sürətləndirməyin və son nəticədə ölkədə məhsul istehsalını artırmaq üçün bölgələrdəki sahibkarlıq subyektlərinə kredit verməyə qoyulan əngəlləri aradan qaldırmağın vaxtı gəlib.

Bankirlərin bölgələrdə biznesə yatırım etməsi üçün mövcud problemlərə gəlincə, bura etibarlı müştəri tapmağın müşkül olması (beynəlxalq agentliklərin kredit reytinqinin olmaması), etibarlı girov təminatının olmaması (bölgələrdə daşınmaz əmlakın qiyməti paytaxtla müqayisədə xeyli aşağıdır), sabit kommunikasiya vasitələrinin yaradılmaması (binalar, rabitə) və s. daxildir.

İndiyə qədər mövcud vəziyyəti aradan qaldırmaq üçün bankirlərin oktyabrın 25-də keçirilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bank sektorundakı fəaliyyətin tənzimləyicisi) rəhbərliyi ilə görüşü zamanı bankların strateji planlarına yenidən baxılması qərara alınıb. Yəni bankirlər biznes-kreditlərinin təşviqi üçün banklar tərəfindən kredit yarmarkaları keçirmək məqsədilə təkliflərini ən qısa müddətdə Palataya təqdim etməlidirlər. Bundan əlavə, bölgələrdə bankirlərin problemlərinin həlli istiqamətində Palatanın reqlamentinə bir sıra dəyişikliklər edəcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla əlaqə problemi məsələsində vahid bir yanaşma tətbiq ediləcəyi vurğulanıb.

Hələlik isə bizə yalnız bankirlərin yaxın vaxtlarda bölgələrə gedib-getməyəcəyi və ya iş adamlarının yenidən "ac saxlayan" maliyyə rasionunda qalıb-qalmayacağını gözləmək qalır.

Sputnik Azərbaycan






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook