SON XƏBƏR

Bank sektoru çökür: 4 ayda 57 milyon manat ziyan olub

İyun 01
12:13 2018
2018-ci il mayın 1-nə  bank sektorunun zərəri 57,1 milyon manat təşkil edib.
 
Qlobal.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 milyon manat, faiz xərcləri isə 201,1 milyon manat olub.

Qeyd edək ki, banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386,6 milyon manat əldə edib. Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242,5 milyon manat vəsait xərclənib.

4 ay ərzində bank sektorunun faiz gəlirləri 561,2 milyon manat, faiz xərcləri 201,1 milyon manat, qeyri-faiz gəlirləri 159,3 milyon manat, qeyri-faiz xərcləri isə 325,6 milyon manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat 193,8 milyon manat olub.

Banklar bunun 242,5 milyon manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, digər mənbələrdən 1,7 milyon manat gəlir əldə ediblər, 10,1 milyon manat mənfəət vergisi ödəyiblər. 

Bank sektorunun aktivləri bu il mayın 1-nə 27 651,4 milyon manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,9% azdır. Bu ilin mart ayında da sektorun aktivləri 2,1% azalmışdı. 

Bankların cəmi aktivlərinin 35,3%-ni və yaxud 9 760,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Apreldə bankların kredit portfeli 1,7% böyüyüb. Ay ərzində sektorun cəmi öhdəlikləri 1,1% azalaraq 23 779,7 milyon manat, o cümlədən depozit portfeli 1,4% artaraq 16 958,1 milyon manat olub. Bunun 7 813,5 milyon manatı fiziki şəxslərin, 9 144,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Apreldə əhalinin əmanətləri 3,1%, şirkətlərin vəsaitləri isə 0,1% artıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 8,3% azalaraq 457,5 milyon manata düşüb. Ay ərzində bank sektorunun cəmi kapitalı isə cüzi artaraq 3 871,7 milyon manat təşkil edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook