“Banklar 2016-da da depressiyadan çıxmayacaq”
İyun 03
08:27
2016
Nemət Əliyev: «Bankların nəinki 2016-cı il, xeyli müddət ərzində böhranlı vəziyyətdən çıxa bilməyəcək»
Beynəlxalq kredit reytinqi agentliyi "Moody’s”, növbəti 12-18 ay üçün Azərbaycanın bank sisteminin proqnozunu "neqativ”də (mənfi) saxlayıb. Bu barədə artıq məlumat vermişik. Agentlik, neftin qiymətinin aşağı olması və valyuta gəlirlərinin aşağı düşməsi fonunda Azərbaycanın bank sistemini "mənfi” proqnozda saxlayır.
"Moody’s” bildirir ki, bank sektoru ən azı 2016-cı ilin sonuna qədər devalvasiya depressiyasında qalacaqdır.
"Ötən il ərzində yerli valyutanın devalvasiyaları nəticəsində çətin əməliyyat mühiti yaranıb, banklarının aktivlərinin keyfiyyəti, gəlirləri, kapitalı daha da pisləşib”- "Moody’s”ın vitse-prezidentinin köməkçisi Mariya Malyukova deyir.
"Biz Azərbaycanda bank sistemində problemli kreditlərin daha da artacağını gözləyirik. 2015-cı ilin dekabr ayının sonunda 16% olan problemli kreditlər, 2016-ci ilin sonuda təxminən 20%-ə çıxacaqdır”,- Mariya Malyukova bildirib.
"Moody’s”un proqnozuna görə, 2016-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 3,3% azalacaq.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Azərbaycanda bank sisteminin vəziyyəti olduqca acınacaqlıdır. N.Əliyevin sözlərinə görə, Azərbaycanda bank sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün normal mühit olmalıdır: "Normal şərait deynədə mən onu nəzərdə tuturam ki, biznes fəaliyyəti ilə məşğul olan sahibkarların önündə bütün maneələr aradan qaldırılsın. Uzaq olmayan keçmişdə onun şahidi olduq ki, hökumət sahibkarlarla ”bandotdel” dilində danışdı. Hökumətin yaxın keçmişdə etdikləri yaddaşlardan silinməyib və xarici investorları ölkədən qaçırıb. Bu baxımdan ölkədə investisiya üçün əlverişli şərait yoxdur.
Bankların normal fəaliyyət göstərməsi üçün əhali onlara etibar etməlidir və ən azı vəsaitlərini banklarda yerləşdirməlidir. Amma bu hökumət manatın başına elə bir oyun gətirdi ki, əhali haqlı olaraq milli valyutaya inanmır. Sabah hökumətin oxşar addım atmayacağına əmin deyil”.
Bu şərtlər altında bankların kreditləşmə istiqamətində normal fəaliyyət göstərə bilməyəcəyini deyən N.Əliyev vurğuladı ki, bankların nəinki 2016-cı il, xeyli müddət ərzində bu ağır böhranlı vəziyyətdən çıxacağını gözləmək sadəlöhvlük olardı. "Bu baxımdan beynəlxalq təşkilatların Azərbaycanla bağlı verdiyi proqnoz situasiyaya adekvat və realldır”, deyə N.Əliyev vurğuladı.(Azadlıq.info)
Qlobal.az
Qlobal.az