SON XƏBƏR

Banklara “yuxarıdan” dollarla bağlı xəbərdarlıq məktubu

Noyabr 05
08:47 2016
Rüfət Aslanlı: "Hər hansı bankın bağlanması məsələsi gündəmdə deyil”

Ölkənin bank sisteminin durumunun ciddiliyi müzakirə olunmaqdadır. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) banklara xəbərdarlıq məktubu göndərib. Həmçinin bankların bağlanacağı barədə də xəbərlər yayılır. Ekspertlər bankların sağlamlaşdırılmasının mümkünsüzlüyünü açıqlasalar da, rəsmi qurumlar bunun mümkünlüyünə diqqət çəkirlər.

MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qurum bu yaxınlarda kommersiya banklarına xəbərdarlıq məktubu göndərib: "Biz bəyan etmişik ki, hər hansı bank indiki həssas zamanda valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, biz tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik”. O, vətəndaşlardan üzləşdiyi qanunsuzluqlarla, pozuntularla bağlı palataya müraciət etmələrini  xahiş edib.

Rüfət Aslanlı ölkədə daha bir kommersiya bankının bağlanacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib ki, hazırda hər hansı bankın bağlanması məsələsi gündəmdə deyil: "İndi məqsədimiz yalnız bankların dayanıqlılığının təmin edilməsidir. Müəyyən banklar var idi ki, onların kapitalla bağlı problemləri olub. Həmin bankların səhmdarları ilə görüşdük. Onların bir qismi kapital probleminin həlli istiqamətində heç bir tədbir görmədi və lisenziyaları ləğv olundu. Bəzi banklar isə kapitalını lazım olan səviyyəyə çatdırdılar. Yalnız ”Bank Standard"la bağlı vəziyyət müəyyən qədər fərqli olub. Bu bankın sağlamlaşdırılması ilə bağlı tədbirlər nəticə vermədi və onun menecmentinin, sanator bankın müraciəti əsasında "Bank Standard”ın lisenziyasını ləğv etdik. Hazırda digər banklarla bağlı ciddi problem yoxdur". Onun sözlərinə görə, "Bank Standard”ın əmanətçilərinə ödənilməli olan 460 milyon manat kompensasiyanın artıq 380 milyon manatı, yəni təxminən 83 faizi ödənilib.

Palata sədrinin sözlərinə görə, qurum "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması ilə bağlı Maliyyə Nazirliyi ilə sıx təmasdadır: "Bankın balansında olan toksik aktivlərin çıxarılması prosesi uğurla davam edir. Bankın menecmenti və səhmdarları onu özəlləşdirməyə hazırlamaq məqsədilə kiçildilmə, yəni aktivlərinin azaldılması istiqamətində işlər görür. Bank aktiv və öhdəliklərini industriyanın başqa oyunçularına ötürür. Biz düşünür ki, bu proses 2017-ci ildə də davam etdirilməlidir. Bankın kapitalının daha dayanıqlı, aktivlərinin keyfiyyətinin daha da sağlamlaşdırılması, ən əsası isə bank daha dayanıqlı gəlir generasiya edə bilməsi üçün institusional təkmilləşdirmə proqramımız var. 2017-ci il üçün bu proqram bankın menecmenti ilə onun əsas səhmdarı olan Maliyyə Nazirliyi ilə birgə hazırlanıb və Palataya təqdim olunub. Bu gün 2017-ci ildə görüləcək işlərin müzakirələri davam etdirilir. Əminik ki, 2017-ci ildə görüləcək bu tədbirlər bankın sağlamlaşdırılmasının başa çatdırılmasını təmin edəcək”. O, qeyd edib ki, tənzimləyici bazarda yalnız özəl bankların olmasının tərəfdarıdır.

R.Aslanlı həmçinin deyib ki, maliyyə bazarları infrastrukturunun inkişafı ilə əlaqədar bir neçə qanun layihəsi üzərində işə başlanılıb: "Bunlardan biri "Daşınmaz əmlak girovlarının qeydiyyatı haqqında" qanun layihəsidir. Bu, bütövlükdə maliyyə infrastrukturu, xüsusilə kreditlərə asan, ucuz və sərbəst çıxışı təmin edəcək bir institut yaratmağa xidmət edən qanun layihəsidir. Əlavə olaraq, maliyyə infrastrukturunun inkişaf etdirilməsi ilə əlaqədar bir neçə qanunvericilik təşəbbüsü gündəlikdədir. Kreditlərin təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsini xüsusi vurğulamaq istəyirəm. Bu layihə üzərində yaxın günlərdə işə başlayacağıq. Bunlar infrastruktur ilə əlaqəli məsələlərdir". Onun sözlərinə görə, maliyyə bazarlarının tənzimlənməsi çərçivələrinin təkmilləşdirilməsinə xidmət edəcək qanun layihəsi üzərində iş gedir: "Maliyyə bazarlarının tənzimlənməsi və fəaliyyəti haqqında" qanun layihəsi bütövlükdə maliyyə seqmentində- bank, kapital bazarları və sığorta sisteminin təkmilləşdirilməsi və nəzarəti prinsip və qaydalarını müəyyən edəcək. Bu qanun layihəsi bank fəaliyyətinə mütərəqqi nəzarət mexanizmlərinin, xüsusilə də problemli bankların idarə olunması məsələlərini özündə əks etdirən bankların restrukturizasiya edilməsinin hüquqi əsaslarını özündə əks etdirən təşəbbüsdür. Bu qanun layihəsi hökumət daxilində müzakirələrdən keçib. Qanunvericilik təcrübəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü subyekti olan dövlət başçısına təqdim edilib. Yaxın günlərdə Prezident Administrasiyasında qanun layihəsinin müzakirəsinə başlayacağıq".

R.Aslanlı vurğulayıb ki, "Banklar haqqında” Qanuna da əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb. Onun sözlərinə görə, bu dəyişiklik banklara təyin olunan müvəqqəti inzibatçıların apara biləcəyi əməliyyatları dəqiq müəyyənləşdirməyə imkan verəcək: "Bank tənzimlənməsi və nəzarəti təcrübəsində kapital yetərsizliyi, likvidlik yetərsizliyi olan banklara müvəqqəti inzibatçılıq və onların restrukturizasiyası alətləri tətbiq olunur. Bizim qanunvericiliyimizdə müvəqqəti inzibatçılıq institutu var. Amma bu müvəqqəti inzibatçının bankla hansı əməliyyatlar apara bilməsi bu gün qüvvədə olan ”Banklar haqqında" qanunda dəqiq şərh edilməyib. Qanuna təklif olunan əlavələr onu nəzərdə tutur ki, əgər hər hansı bank ödəmə qabiliyyətini itirərsə və yaxud kapitalı yetərsiz olarsa, ora tənzimləyicinin təyin etdiyi müvəqqəti inzibatçı həmin bankın sağlam aktivini müəyyən öhdəliklə birlikdə və yaxud ayrı-ayrılıqda yerdə qalan digər banklara hərrac vasitəsilə ötürə, sata bilər. Gəlmiş vəsait hesabına həmin o bankın sağlamlaşmasına nail ola bilərik. Yaxud "körpü bank” adlanan bir anlayış var. 

Sağlam olmayan, kapital yetərsizliyi olan bankın öhdəlikləri sağlam aktivləri ilə birlikdə bir "körpü bank”a ötürülür və həmin bank sağlam investorlara satılır. Yəni mahiyyət etibarı ilə bu ödəmə qabiliyyətində və kapital yetərsizliyi durumunda olan bankların sağlamlaşdırılmasının dünyada tətbiq olunmuş bütün elementləri özündə əks etdirən bir yenilikdir. Bu qanun müvəqqəti inzibatçının hansı xarakterli əməliyyatlar apara biləcəyini dəqiq müəyyən edəcək".

(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook