Baş nazirin müavininin Almaniyada biznesi aşkarlandı - SƏNƏDLƏR
Sentyabr 09
22:48
2019
"Qaçqınkom”un keçmiş rəhbəri, baş nazirin müavini Əli Həsənovun kürəkəni Elman Allahverdiyev hazırda Almaniyadakı biznesini idarə edir. O, iki il əvvəl idarə etdiyi "Gelandewagen"lə iki nəfərin ölümünə görə həbs olunmuş və bu yaxınlarda həbsdən buraxılan Nail Allahverdiyevin atasıdır.
Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Elman Allahverdiyev Hamburqda 2014-cü ilin yanvarından logistika sahəsində fəaliyyət göstərən LOHIMEX GMBH adlı şirkətin sahibidir. Şirkət 25 min avro nizamnamə kapitalı ilə Hamburq ədliyyəsində HRB 130362 saylı nizamnamə ilə qeydiyyatdan keçib, Hamburqun SORBENSTRASSE 47 ünvanında fəaliyyət göstərir.
Nail Allahverdiyev
Şirkətin etibarnamə ilə rəsmi təmsilçisi isə Milli Məclis Aparatinin deputat köməkçiləri ilə iş sektorunun baş məsləhətcisi Elnarə Cələbiyevadır.
Dövriyyəsi 500 000 - 1.000.000 aralığında olan kompaniyalar sırasına daxil edilən LOHİMEX-in saytında (http://www.lohimex.com) yer alan məlumata görə, şirkət yüklərin daşınmasından əlavə bağçılıq texnikası, alətləri, bitkilərin, kənd təsərrüfatı texnikası və onların ehtiyat hissələrinin, eləcə də tikinti materialları və aksessuarlarının idxal və ixracı ilə da məşğuldur.
Bundan başqa Elman Allahverdiyev 2015-ci ilin martından 2017-ci ilin avqustuna qədər Almaniyanın Bad Bevensen kurort şəhərində GLORIOUS HOTELS RESORTS GMBH adlı şirkətin, həmin şirkət üzərindən idarə olunan GLORIOUS HOTEL KIEFERNECK otelinin sahibi olub.
Sənədlərə görə həmin otelin aktivləri 1 milyon avroya yaxın olub. Lakin iki il əvvəl o, əvvəldən yerləri tam bron edilmiş oteli müəmmalı şəkildə qapadıb.
Qlobal.az