“Başlarına dəysin, onların oyunumuzu göstərməsi heç bizə lazım da deyil” - Qurban Qurbanov
Oktyabr 30
08:08
2020
"Bu gün (dünən-red) türk qardaşlarımızın Cümhuriyyət Günüdür. Onları təbrik edirəm. Daha mehriban və möhkəm olaq”. "Report”un məlumatına görə, bunları "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun II turunda İstanbulda İspaniya "Vilyarreal”ına 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, komandasından razı qalıb: "Təcrübəli və sürətli komandaya qarşı oynasaq da, öz oyunumuzdan əl çəkmədik. Ustalıq fərqi var. Rəqibin oyunçularının dəyəri qat-qat çoxdur. La Liqa fərqlidir. Heyətdə problemlərimiz var idi. Dəyişiklik etməli idik. Uduzsaq da, böyük təcrübə qazandıq”.
Qurbanovun sözlərinə görə, onu bu oyunda sevindirən 3 məqam olub: "Birincisi, Türkiyədə oynadıq. İkincisi, bu stadionda ab-hava çox gözəl idi. Azarkeş olmasa da dəstək hiss etdik. Üçüncüsü isə yaxşı oyun göstərdik”.
Təcrübəli mütəxəssis məğlubiyyətə görə təəssüflənmədiyini söyləyib: "Hər məşqçi istəyər ki, əlindəki heyət tam sağlam olsun. Rotasiya edə bilmədik. Kaş zədəlilərimiz olmazdı”.
Hakimlik barədə danışan baş məşqçi çexiyalıların Azərbaycan klubları ilə yola getmədiyini söyləyib: "O vaxt Zelinka təmiz qolumuzu saymadı. Hakimlər bu cür matçlarda diqqətli olmalıdırlar. Rəqibin futbolçularına da sarı vərəqə vermək olardı. Amma bunu etmədi. Bəlkə də penalti var idi. Amma bu cür durumlarda penalti verilib-verilmədiyini bilmirəm”.
Rusiyanın "Matç TV” kanalının "Qarabağ”ın oyunlarına qadağa qoymasına da münasibət bildirən Qurbanov bunları deyib: "Məsələnin necə olduğunu bilmirəm. Amma "Matç TV”də ermənilər varsa, başqa nə gözləmək olar?! Bunlar düşük fikirlərdir. Başlarına dəysin. Onların oyunumuzu göstərməsi heç bizə lazım da deyil”.
Mütəxəssis Rahil Məmmədovun çıxışını da dəyərləndirib: "Rahilə ancaq "Əhsən” deyərdim. Uzunmüddətli zədədən sonra səhvsiz oynadı. Meydanda özünü aparması, oyuna yanaşması məni çox razı saldı. Qarşıdakı matçda daha yaxşı Rahil görəcəyik”.
Qurbanov deyib ki, 2-3 gündən bir oynamaq onlar üçün çox çətindir. "Bu, hazırlığımıza mane olur. İnanıram ki, qarşıdakı oyunlarda zədəli futbolçularımız sıraya dönəcək. Məqsədimiz baxımlı oyun göstərməkdir. Bu gün "Sivasspor” da uduzdu. Düşünürəm ki, maraqlı oyun olacaq”.
O, "Bakıda oynasaydınız, fərqli nəticə qeydə alına bilərdimi?” sualına belə cavab verib: "Burada oynamaqla Bakıda meydana çıxmaq arasında heç bir fərq hiss etmədik. Bəlkə Azərbaycanda daha böyük hesabla uduzardıq”.