BDU-nun dosenti 7 milyon manatlıq TENDERİ UDDU (FOTO)
İyun 21
17:57
2021
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC nasos aqreqatları və digər avadanlıqların satınalınması ilə elan etdiyi 7 milyon manatlıq tenderə yükun vurub.
Valyuta.az xəbər verir ki, tenderi ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi elan edib.
Tenderin qalibi olan "Kaskad-hidro" MMC-yə 6.9 milyon manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Kaskad-Hidro” MMC 10 noyabr 2011-ci il tarixində qeydiyyata alınıb.
Nizamnamə kapitalı 20 manat olan MMC Nərimanov rayonu, Ziya Bünyadov, ev 110 K ünvanında yerləşir. "Kaskad-Hidro” MMC-nin qanuni təmsilçisi Həmidov Sabir İsa oğludur.
Sabir Həmidov 2000-ci ildən bu günə qədər Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır.
Sabir Həmidov 1954-ci ildə Ermənistan Respublikasında anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirib.
1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsini bitirib.
O, AMEA-nın Kibernetika İnstitutunda (1976-1980), Sankt-Peterburq Dövlət Universitetində (1981-1982 ixtisasartırma), "Kaskad" Xüsusi Konstruktor Bürosu (1983-1990) və "Savalan" Kişik Müəssisəsində (1991-2000) çalışıb.
1986-cı ildə "Bəzi sinif qeyri-hamar funksiyaların xassələrinin tədqiqi və minimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədidir. 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır.
O, bakalavr pilləsi üzrə - diskret riyaziyyat kursu, riyazi məntiq və diskret riyaziyyat modelləri kursu, iqtisadi kibernetika kursu Magistratura pilləsi üzrə isə - diskret minimaks məsələləri, qeyri-hamar analizin bəzi məsələləri, iqtisadi sistemlərdə diskret proqpamlaşdırma üsulları dərslərini tələbələrə tədris edir.
Qlobal.Az