Bəxtiyar Vahabzadə niyə Bahar qızına qarşı çıxırdı?
Mart 16
10:20
2016
Moderator.az saytı "Novruz ensiklopediyası” və ayrı-ayrı bölgələrin folkloruna aid olan materiallar arasında ümumiləşdirmə apararaq indiyə qədər yanlış bildiyimiz iki Novruz adətindən söhbət açacaq:
Papağı atmaq olmaz
Şal sallamaq, qurşaq sallamaq və bunun digər forması olan kasa çalmaq axır çərşənbədə geniş yayılan adətdir. Kasa çalmaq adəti qədim əkinçi tayfalarının toxumluq bitkiləri toplamaq adətini xatırladır. Hava qaralandan sonra əsasən gənclər qohumların, tanışların qapılarına gedib əllərində saxladıqları qabı qaşıqla vurub səs salırlar. Ev sahibi səsi eşitcək qapıya çıxıb içəri uzadılan qaba pay qoyur. Pay toplayan nə özünü göstərir, nə də danışır. Əgər o danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı. Toplanan pay gənclər arasında bölünərdi. Şal sallamaq mərasimində əsasən cavan oğlanlar iştirak edərdi. İlaxır çərşənbə axşamı şal, örpək, kəlağayı və s. götürüb qohumların və ya sevdikləri qızların evlərinə gedib şalı bacadan, damdan evə sallayardılar. Ev sahibinin verdiyi pay şal sahibinə münasibəti əks etdirərdi. Cənubi Azərbaycanın digər yerlərində, məsələn, Urmiyada şal əvəzinə qabaqcadan hazırlanan kəcavəni damdan salar və onunla pay toplardılar. Ayin öz təsvirini ustad şair Şəhriyarın "Heydərbabaya salam” poemasında da dəqiqliklə tapır:
Bayram idi gecə quşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu
Ay nə gözəl qaydaydı şal sallamaq
Bəy şalına bayramlığın bağlamaq.
Qurşaqsallama, qurşaq atdı həmin adətin bir formasıdır. Əvvəllər evlərin üstü hamar və damın ortasında baca olduğunu nəzərə alsaq deyə bilərik ki, uşaqlar, gənclər elə oradan da şalı, torbanı, qurşağı sallamaqla bayram payı alırmışlar. Mərhum professor B.Abdulla qurşaq sallamanın papaqatdıya çevrilməsini məişətimizdəki dəyişikliklə əlaqələndirir. Onun fikrincə, kirəmitdən, şiferli evlərin hazırlanması qurşaq sallamanı damdan aşağı - qapıya endirib papaqatdıya çevirib.
Qeyd edək ki, xalq arasında papaq həmişə şərəf, namus qeyrət, simvolu kimi dəyərləndirilib. İctimai yerlərdə hətta, ailədə başıaçıq oturmaq qəbahət sayılıb. Papağın itirilməsi, oğurlanması təkcə şəxsin özünün deyil, onun mənsub olduğu nəslin təhqir edilməsi hesab olunub. Bildiyimiz kimi, kişi baş geyimlərinin məhəlli-etnik xüsusiyyətlərinə, formasına, materialına, geyinmə tərzinə görə fərqlənən çoxlu növləri olub.
Şal sallama, qurşaqsallama adətinin papaqatdı formasına keçməsi həm də sovet rejiminin bu bayramın tarixini saxtalaşdırmaq məqsədi güdüb. XX əsrin 20-ci illərində Novruz əfvetmə bərabərlik, əminlik funksiyalarını daşısa da, çox kiçik zaman kəsimindən sonra İrandan gəlmə dini bir bayram kimi yasaq edilir.
Türk düşüncəsində papağı namus, qeyrət rəmzi kimi sayan "papağı isti-soyuqdan ötrü qoymurlar” deyən gənc onu qapının ağzına ata bilməz. Uşaq papaqlarının forması və müxtəlif növləri əsl kişi papaqlarının daşıdığı semantik yükü daşımayıb.
Düşünürəm ki, papağın torba ilə əvəzlənməsi müasir gəncliyimizin düşüncəsində papağın daşıdığı semantik yükün ağır və məsuliyyətini başa düşməkdə yardımçı olar.
Novruz bayramı gecəsinə həmçinin istək, sevgi gecəsi də deyərmişlər. Cavan oğlanlar sevdikləri qızlar olan evlərin bacalarından qurşaqların ucuna dəsmal bağlayırlar. Qız və qızın valideynləri o saat bu mətləbi başa düşürlər. Əgər bu işdə razılıq varsa, dəsmalı qurşaqdan ayırıb qızın qoluna bağlayırlar. Yox, əgər razı deyillərsə, dəsmala bayram nemətlərindən qoyub qurşağa bənd edərək geri qaytarırlar.
Bahar qızı Novruz simvolu deyil
Bahar qızını Novruzun simvolu saymaq olmaz. 1967-ci ildə Bakıda Novruz bayramına hazırlıqla bağlı keçirilən iclasda qədim bayramımızın adının dəyişdirilməsi, onun nə üçün bahar adlandırılması və bu yeni il bayramının mərkəzində "Bahar qızı” adlanan aparıcı qəhrəmanın olması mübahisələrə səbəb oldu. İclasda görkəmli alimlərimiz M.Təhmasib, M.Seyidov, xalq şairi Bəxtiyar Vahabzadə çıxış edərək bildiriblər ki, "əgər biz bu gün uydurma Bahar qızını qəbul etsək, o, əbədi olaraq bu bayramın mərkəzində möhkəm və əsaslı yer tutacaq”. Həqiqətən də bu uzaqgörənlik sonradan öz təsdiqini tapdı. Moskvanın göstərişi ilə Novruz bayramının əsas simvolları sırasına daxil edilən "Bahar qızı” uzun müddətdir əsas simvollardan hesab olunur. Novruz bayramının əsas simvolları təbii ki, Kosa, Keçəl, keçi, səməni, Günəş və digərləridir.
Mərkəz Novruz bayramında "Bahar qızı”nın surətini yaratmaqla slavyan mədəniyyətindəki Qar qız obrazını təkrarladı. Məqsəd Novruzun qədim mədəniyyətinə yad elementlər salmaqla xalqın ulu tarixini saxtalaşdırmaq idi.