SON XƏBƏR

Beynəlxalq Bankın milyardları: Kredit Komitəsi kimlərə nə göstəriş verib?

Aprel 07
22:26 2019
''Bizə göstəriş gəlmişdi ki, ''İntertekstil''ə kredit verək''

Azərbaycan Beynəlxalq Bankının üç ildən çoxdur həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev, bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 19 nəfərin məhkəməsi aprelin 1-də davam etdirilib.

Sözügedən 19 nəfər Dünyamin Xəlilovun rəhbərlik etdiyi "General Construction” şirkətinin işçiləri olub. Sonradan onların hər birinin adına şirkətlər yaradılıb və Beynəlxalq Bankdan milyonlarla kreditlər götürülüb. Həmin kreditlərin əksəriyyəti ödənilməyib. Həmin vəsaitlərlə əlaqədar C.Hacıyev və D.Xəlilova qarşı 4.7 milyard manatlıq mənimsəmə ittihamı irəli sürülüb.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmədə mənimsənildiyi iddia olunan kreditləri ayırmış, bu barədə sənədlərə imza atmış şəxslər şahid qismində dindiriliblər.

Şahid Fuad Cəfərov Beynəlxalq Bankın Bakı filialının kredit şöbəsinə rəhbərlik edib. O bildirib ki, müxtəlif şirkətlərdən kredit üçün müraciətlər olurdu. O cümlədən də indi məhkəmə qarşısına çıxarılmış şəxslərin adına olan şirkətlərdən: "Biz böyük məbləğdə kredit müraciətləri barədə Kredit Komitəsinə məlumat verirdik. Onlar necə deyirdisə, elə hərəkət edirdik. "İntertekstil” şirkətinə 4-5 dəfə kredit verilib. Adətən 1.5 milyona qədər verilirdi. Bizə göstəriş gəlmişdi ki, "İntertekstil”ə kredit verək”.

Şahid Azər Rzayev də Beynəlxalq Bankda işləyib. O da şirkətlərə böyük məbləğdə kreditin ayrılması qərarının bankın Kredit Komitəsinin gəldiyini söyləyib: "Biz sənədləri hazırlayıb, Komitəyə göndərirdik, qərarı Kredit Komitəsi verirdi”.

Beynəlxalq Bankın Mərkəz filialının rəhbəri olmuş İlqar Abdullayev də məhkəmədə ifadə verib. Hakim elan edib ki, İ.Abdullayev bundan əvvəl Cahangir Hacıyevin haqqındakı birinci cinayət işində təqsirləndirilən şəxslərdən biri olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə ona şərti cəza verilib və o, həbsdən buraxılıb.

İndi isə şahid qismində dindirilən İ.Abdullayev bildirib ki, hazırkı cinayət işində adları keçən şirkətlərə onun rəhbərlik etdiyi filialdan da böyük məbləğdə kreditlər ayrılıb. Amma bunun üçün Kredit Komitəsinin qərarı olub.

Şahid qismində dindirilən daha bir sabiq filial müdiri Kənan Orucov da əvvəlki məhkəmədə onlarla birlikdə mühakimə olunub. Ona da şərti cəza verilib. K.Orucov uzun illər Beynəlxalq Bankın Nəqliyyat filialına rəhbərlik edib.

O da bildirib ki, qalmaqallı şirkətlərə verilən milyonlarla kreditlər üçün öncə Kredit Komitəsinə müraciət olunub: "Kredit Komitəsindən deyilib, sənədlər hazırlanıb, biz də vermişik”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə” İnstitutunda mühəndis işləyən Cəbrayıl Süleymanov da məhkəmədə şahid qismində dindirilib. Deyib ki, sabiq deputat D.Xəlilova məxsus şirkətlərin tikinti işlərinin "Forma-2”sini yoxlayıb: "Bizə tapşırıq nazirlikdən verilmişdi. Yasamalda, Zaqatalada görülən işlərin sənədlərini təqdim edirdilər, biz də yoxlayırdıq. Yəni Forma-2 verilirdi, biz də həcmini hesablayıb tərtib edirdik”.

Məhkəmə prosesi aprelin 4-nə qədər təxirə salınıb.

Cahangir Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

Hazırda araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Cahangir Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib. Lakin o, özünü təqsirli bilmir./meydantv





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook