Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcək
May 02
13:33
2024
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Füzuli rayonunun Qoçəhmədli kəndini bərpa edəcək.
"Report" xəbər verir ki, bunu Fondun prezidenti Aktotı Raimkulova mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda təşkil olunan doqquzuncu panel sessiyasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib və indi Qarabağ bölgəsinin ilkin və tarixi simasını bərpa etmək, keçmiş ruhunu dirçəltmək üçün genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb:
"Keçmiş məcburi köçkünlərin geri qayıtması sülh və əmin-amanlıq şəraitində davam etdirilir. Türk Mədəniyyəti və İrsi Fondu qəti şəkildə inanır ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə müxtəlif bərpa-quruculuq layihələrini çox yüksək səviyyədə həyata keçirir. Fondumuz bu proseslərə töhfə verməkdə çox maraqlıdır. Bu baxımdan təşkilatımız Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq nəticəsində işğaldan azad edilmiş Füzuli rayonunda yerləşən və işğal zamanı vandalizmə məruz qalmış Qoçahmədli kəndinin bərpasını planlaşdırır".
A.Raimkulova bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondunun "Şuşanın 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi kontekstində Qarabağın islam irsinin bərpasında iştirak etməsi bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha bir göstəricisidir:
"Azərbaycanın Qarabağ bölgəsində apardığı bərpa proseslərində türk dövlətlərinin çox fəal olması təqdirəlayiq haldır".