Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə başlanılıb
Oktyabr 06
12:15
2016
"Azəravtoyol" ASC Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı işlərə başlayıb. Bu barədə "Report"a ASC-dən bildirilib.
Məlumata görə, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranıb: "Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədib. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır".
Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metrdir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi nəzərdə tutulub.
Tikinti layihəsi çərçivəsində hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, səkilərin tikintisi və yol boyu yeni səki dalaşlarının düzülməsi işləri həyata keçirilir. Daha sonra zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilərək yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
Bundan başqa kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi borunun quraşdırılması və 1,1 km uzunluğunda yeni işıqlandırma sisteminin qurulması işlərinin də aparılması nəzərdə tutulub. Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol”un rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.