“Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib
Yanvar 19
17:07
2017
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində "Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verib. O, tariximizə "Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvarda öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən, ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan dinc və silahsız insanların vəhşicəsinə qətlə yetirildiyini söyləyib.
Sonra 20 Yanvar faciəsinə həsr olunan "Bir mətbuat konfransının tarixi” sənədli filmi nümayiş etdirilib.
Sənədli filmdə ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etiraz bildirməsi, hadisəyə siyasi qiymət verilməsini tələb etməsi kimi məqamlar əksini tapıb. Həmçinin Ulu Öndərin o zamankı fəaliyyəti ətraflı təhlil edilib, hadisələrin şahidləri olan şəxslərin fikirləri yer alıb.
"Bir mətbuat konfransının tarixi” sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi Əməkdar Jurnalist Mübariz Əsgərovdur. Ekran işi "Qulp studio” tərəfindən hazırlanıb.